Azərbaycan və Latviya parlamentləri arasında əlaqələrin daha da inkişafına dair fikir mübadiləsi aparılıb


Martın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Latviyanın dost və tərəfdaş ölkələr kimi dəyərləndirən S.Qafarova ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu qeyd edib. Vurğulanıb ki, qarşılıqlı təmaslar, ali və yüksək səviyyəli səfərlər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə töhfə verir.
Söhbət zamanı parlamentlər arasında əlaqələrin daha da inkişafı ilə bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb. İkitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını bildirən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini qeyd edib. O, parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq, əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq və regional parlament platformaları çərçivəsində gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. S.Qafarova bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ikili standartların mövcud olduğunu diqqətə çatdırıb.
Görüşdə regionda mövcud olan vəziyyət barədə də müzakirə aparılıb.
Səfir Edqars Skuya ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib. Diplomat ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsi üçün seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Latviyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən səfir ölkəsinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət verdiyini qeyd edib. Onun sözlərinə görə, son dövrlərdə iki ölkə arasında iqtisadi sahədə, o cümlədən işgüzar dairələr arasında əlaqələr daha da genişlənməkdədir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.