“Boşananlar çox vaxt uşaqlardan bir-birinə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər” - AÇIQLAMA
“Nikahın pozulması ilə bağlı statistikanın artmasını həm vəkil, həm də mediator olaraq icraatımda olan işlərdən də müşahidə edirəm. Öz statistikama uyğun olaraq deyə bilərəm ki, nikahın pozulmasını istəyənlər daha çox qadınlar olur. Məsələn, qısqanclıq, xəyanət, məişət zorakılığı, pis vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) asılılıq və s. kimi səbəblər göstərilir. Amma bəzən də tərəflər sadəcə “xasiyyətimiz uyğun gəlmir, birlikdə yaşaya bilmirik” kimi fikirlərlə izah edirlər. Məsələnin kökünü araşdıranda isə məlum olur ki, əslində nikahın pozulmasına gətirib çıxaracaq çox ciddi səbəblər yoxdur və sadəcə tərəflərin anlaşılmazlıqları, bir-birindən gözləntilərinin reallaşmaması, eqonun təsiri ilə verilən qərarların nəticəsində məsələ boşanmaya qədər gəlib çıxır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vəkil, mediator Rəşad Əliyev deyib.
Onun sözlərinə görə, aparılan danışıqlar və müzakirələr nəticəsində tərəflərə də məlum olur ki, əslində aralarındakı problemlər boşanmaya səbəb olacaq qədər ciddi deyil və müəyyən güzəştlər nəticəsində nikahı davam etdirə bilərlər. Nikahın pozulmasından isə daha çox əziyyət çəkən kişi və qadın, yəni ər və arvad deyil, uşaqlar olur: “Müşahidə etdiklərimiz odur ki, bir çox hallarda tərəflər boşanmanın yaratdığı aqressiyanın nəticəsi olaraq uşaqlardan bir-birinə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Məsələn, bəzən ana uşağın atası ilə ünsiyyətdə olmaq, görüşmək hüququnu məhdudlaşdırır və ya ümumiyyətlə görüşmələrinə şərait yaratmır. Ata isə buna cavab olaraq, yaxud da ciddi səbəb olmadığı halda da aliment gecikdirir və ya ödəmir və açıq şəkildə bildirir ki, bunu qadının acığına edir”.
Rəşad Əliyev xatırladıb ki, Azərbaycan Konstitusiyasına əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur və buna dövlət nəzarət edir. Tərəflər arasında olan nikahın pozulması və ya ümumiyyətlə nikahın olmaması valideynlərin heç birini bu vəzifədən azad etmir. Dövlət isə valideynlərin qazancı ailə üzvlərinin yaşayış minimumu səviyyəsindən aşağı olarsa, qanunvericiliklə müəyyənləşdirilmiş meyarlara cavab verdikləri halda, ünvanlı sosial yardım, həmçinin sosial statusuna uyğun olaraq müxtəlif müavinətlər almaq hüququ verir.
“Ümumiyyətlə, nikahın pozulması zamanı ən çox əziyyət çəkən uşaqlar olur. Onlar həm tam ailə məfhumundan, həm də bir çox hallarda maddi və mənəvi dəstəkdən məhrum olurlar. Bu səbəbdən də ayrılan valideynin digər valideyndən uşaqlar və qanunvericilikdə müəyyən edilmiş hallarda özü üçün aliment tələb etmək hüququ var. Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Belə saziş olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddəbir, 2 uşağa görə üçdəbir, 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmçinin aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, - deyə vəkil-mediator vurğulayıb.
Vəkil qeyd edib ki, aliment şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Əgər tərəflər arasında alimentlə bağlı mediasiya sazişi varsa, bu halda aliment ödəməyi öhdəsinə götürmüş tərəf bunu könüllü icra etməlidir: “Könüllü icradan yayınarsa, digər tərəf sazişin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir və təsdiqləndikdən sonra məcburi icra olunmaq üçün müvafiq icra qurumuna göndərilir.
Həmçinin məhkəmə qətnaməsinə əsasən alimenti ödəməkdən yayınan şəxslər barəsində də icra məmuru tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş icra tədbirləri - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s. edilə bilər. Belə tədbirlər kifayət etmədikdə şəxs barəsində inzibati həbs tətbiq oluna bilər, həmçinin məhkəmə qətnaməsini qəsdən icra etməməsi müəyyənləşdirilərsə, cinayət məsuliyyətinə cəlb oluna bilər”.