Sosial Xidmətlər Agentliyi ilə Bakı Dövlət Universiteti birgə sosial layihələrin hazırlanması mövzusunu müzakirə edib


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Bakı Dövlət Universiteti (BDU) arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində yaradılan işçi qrupun görüşü keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə işçi qrupun üzvləri tədbirlər planını müzakirə edib, qarşıda duran hədəflərə dair fikir mübadiləsi aparıblar.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Məftunə İsmayılova sosial xidmətin forma və növlərinə uyğun mütəxəssislərin hazırlanması üçün beynəlxalq təcrübəyə əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıb. İştirakçılara həssas əhali qruplarına göstərilən səyyar, stasionar və yarımstasionar sosial xidmətlər barədə məlumatlar verilib.
BDU-nun rektorunun müşaviri Asiman İlyasov bildirib ki, universitet “Sosial iş” ilə yanaşı, “Təhsildə sosial-psixoloji xidmət”, “Korreksiyaedici pedaqoqika”, “Psixologiya” və digər müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığına xüsusi önəm verir. Birgə əməkdaşlıq həmin tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin aşılanmasına da böyük töhfə verəcək.
Tədbirlər planına uyğun olaraq növbəti bir il ərzində inklüziv tədbirlərin təşkili, mentorluq proqramı, agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinə tələbələr üçün infoturlar, ustad dərsləri və digər mühüm layihələr icra olunacaq.
Eləcə də hər iki tərəfin mütəxəssisləri birgə sosial layihələrin hazırlanması və həyata keçirilməsində iştirak edəcəklər.