Musiqi və kəlmələr “İşıq” doğuranda...


Beynəlxalq Qadınlar Gününün bayram edilməsi ərəfəsində pianoçu və bəstəkar Renara Axundova, şair Səidə Sübhi və yazıçı Anara Axundova “İşıq” adlı musiqili-ədəbi axşam təşkil ediblər. Onlar “The Landmark Hotel Baku” otelinin 22-cü mərtəbəsini musiqi kompozisiyalarının və ədəbi əsərlərin ahəngdar sintezinin işıq bəxş etdiyi qeyri-adi ab-havalı məkana çeviriblər.
AZƏRTAC xəbər verir ki, bu tədbir çoxlu sayda tamaşaçıların marağına səbəb olub. Onların arasında şəhər ziyalıları, mədəniyyət və incəsənət xadimləri, bakılılar və paytaxtın qonaqları, media nümayəndələri vardı. Tədbirin sonunda qonaqların hər biri üç istedadlı sənətkarın onlara səxavətlə bəxş etdiyi nur parçasını öz ruhlarında hiss ediblər.
Tamaşaçılar Səidə Sübhinin poetik misraları və ya Anara Axundovanın nəsr sətirlərinin Renara Axundovanın dühası fonunda pianonun klaviaturasından “uçaraq” ecazkar musiqi improvizasiyası ilə təqdim edilməsi üzrə yaradıcılıq prosesini izləyiblər. Qeyd edək ki, pianoçu-bəstəkarın improvizasiya üzrə virtuoz ifası hər konsertdə tamaşaçı zalını yaradıcılıq işığına qərq edir.
Renara Axundova bəstəkar və pianoçu, öz əsərlərinin ifaçısıdır. O, uzun illərdir ki, Parisdə yaşayır və çalışır. Renara əsərlərini “Mindfulness in music” istiqamətində, neoklassika üslubunda improvizasiya edir. O, bütün dünyada konsertlərdə çıxış edir, həmçinin tamaşalar, sənədli filmlər və audio-kitablar üçün musiqi bəstələyir. Renaranın diskləri Rusiya, Avropa, Çin, Sinqapur və Tayvanda buraxılıb. Onun 10 musiqi albomuna əlavə olunmuş ümumilikdə 100-dən çox bəstəsi var. Bəstəkarın əsərləri Rusiyada “Dünya klassik musiqisinin 100 şah əsəri” kolleksiyasına daxil edilib. Musiqiçi tamaşaçılarla sıx emosional təmasda olmaqla, həm də unikal improvizasiya konsertləri aparır.
“İşıq” ədəbi-musiqili axşamında iştirak Renara Axundovanın Bakıya ikinci qastrol səfəri oldu. Pianoçu keçən il dörd uğurlu konsert verib və orijinal ifası ilə dinləyicilərin yaddaşında qalıb. Bu tədbirdə təqdim edilən proqramın yekun hissəsində Renara Axundova, həmçinin bir neçə müəllif kompozisiyası təqdim edib.