Azərbaycan və Türkiyə arasında konsulluq məsləhətləşmələri


Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
 
XİN-dən Modern.az-a verilən məlumata görə, məsləhətləşmələrin ilkin mərhələsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri baş idarəsinin rəisi Hayriye Nurdan Erpulat Altuntaşın rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.
 
Məsləhətləşmələrin əsas mərhələsində Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayevin, Türkiyə Respublikası tərəfindən isə Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yasin Ekrem Serimin iştirakı ilə konsulluq, miqrasiya, ədliyyə və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişafı ilə əlaqədar müzakirələr aparılıb.
 
Görüş zamanı, iki ölkə arasında konsulluq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, əməkdaşlığın, o cümlədən sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, iki dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onlara zəruri konsulluq yardımının göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.