İdman gimnastikası üzrə Dünya Kuboku davam edir
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə kişi idman gimnastikasının nümayəndələri dəstəli at, dayaqlı tullanma, paralel qollar və turnikdə, qadınlar isə dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlərdə çıxış edirlər.
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 67 ölkədən ümumilikdə 300-dək kişi və qadın gimnast qüvvəsini sınayır.
Dünya Kubokunda Azərbaycanı kişilərdə Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər), qadınlarda isə Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.
Dördgünlük yarışların yekununda, həmçinin ən yüksək icra xalı toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.