Ələsgər Məmmədli və Ruslan İzzətli barədə qərar verildi - YENİLƏNİB
III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Modern.az xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Ruslan İzzətli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
18:12
Bakı şəhəri Xətai Rayon Məhkəməsi martın 9-da “Toplum TV” işi üzrə saxlanılan Ələsgər Məmmədli barədə həbs qətimkan tədbiri seçib.
Modern.az xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərarla o, 4 ay müddətinə həbs olunub.
Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Martın 8-də Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov və İlkin Əmrahovun həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri 4 ay müddətinə həbs olunublar.