Hindistanda etirazlar - Fermerlər dəmir yolunu bağladılar
Hindistanda bir aya yaxındır etiraz aksiyası keçirən fermerlər ölkənin şimalındakı Haryana və Pəncab ştatlarında dörd saat ərzində dəmir yolu nəqliyyatını dayandıraraq yeni etiraz aksiyası keçiriblər.
Modern.az ANI agentliyinə istinadən xəbər verir ki, etiraz çərçivəsində yüzlərlə fermer onlarla stansiyada qatarların hərəkətini pozub. Bloklama günorta saatlarında başlayıb və yerli vaxtla saat 16:00-a qədər (Bakı vaxtı ilə saat 14:30) davam edəcək.
“Tələblərimiz yerinə yetirilməyincə etirazımızı davam etdirəcəyik. Qüvvələrimizi artırmağa davam edəcəyik”, - etirazçıların liderlərindən biri Sarvan Sinqh Pandher jurnalistlərə deyib.
Minlərlə hindistanlı fermer fevralın 13-də ölkənin paytaxtına etiraz yürüşünə başlayıb, lakin şəhərin təxminən 200 km şimalında dayandırılıb və təhlükəsizlik qüvvələri onlara qarşı su şırnaqları, gözyaşardıcı qazdan istifadə edib. Həmin gündən hakimiyyətlə bir neçə raund danışıqlar olub, lakin bu, razılıqla nəticələnməyib. Fermerlər etirazlarını davam etdirirlər, paytaxta gəlməyə və başqa aksiyalar keçirməyə davam edirlər.
Fermerlər kənd təsərrüfatı məhsulları üçün məqbul olan minimum alış qiymətini təmin edəcək qanunun qəbuluna can atırlar; lakin rəsmilər minimum zəmanətli qiymətlərlə yalnız qarğıdalı, pambıq və paxlalı bitkiləri almağa hazır olduqlarını bildiriblər. Etirazçılar bu tədbirin 23 əsas məhsula şamil edilməsini tələb edirlər. Onlar risklərin daha yaxşı idarə edilməsi üçün məhsulun kompleks sığortasının tətbiqinə təkid edir və 60 yaşdan yuxarı bütün fermerlərə və kənd təsərrüfatı işçilərinə (hazırda bütün fermerlərin pensiyası yoxdur) və azı 10 min rupi (təxminən 120 dollar) məbləğində pensiyaların təyin edilməsində israr edirlər. Kəndlilər həm də borcların azaldılmasını, banklara olan borclarının dövlət tərəfindən ödənilməsini, bəzi vergilərin azaldılmasını istəyir və bir sıra başqa tələblər irəli sürürlər. Fermerlər ölkənin Ümumdünya Ticarət Təşkilatından çıxmasını da tələbini də səsləndirirlər.