Sosial şou məzmunlu verilişlərin redaktorları hara baxır?


Yaşadığımız cəmiyyətdə gedən prosesləri izlədikcə, təəssüf ki, mənəvi böhranların getdikcə dərinləşdiyini görürük. Əsrlərlə formalaşmış mədəni-mənəvi davranış qaydaları, milli mentalitetə sadiqlik sanki arxa plana keçir, yerini yad, bəzən hətta çox zərərli meyillərə verir. Gündəlik həyatımızın bir çox sahələrində müxtəlif yönümlü zorakılığın, mənəvi-əxlaqi anlayışların yetərsizliyinin şahidi oluruq. Bu kimi halları tamamilə aradan qaldırmaq, orta çağ mütəfəkkirlərinin arzu etdiyi ideal cəmiyyəti qurmaq imkansız olsa da, bir sıra neqativ halların təzahürünün qarşısını almaq, daha sağlam ictimai-mənəvi dəyərləri aşılamaq mümkündür. Bu işdə təbii ki, geniş auditoriyaya malik TV proqramları mühüm rol oynaya bilər.

Amma nə görürük?! Azərbaycan televiziya məkanında yayımlanan bir sıra sosial/şou xarakterli verilişlərdəki zorakılıq, qisasçılıq, dava-dalaş, böyük-kiçiyin bir-birinə qarışması səhnələrinin mənəvi böhranın dərinləşməsində rolu az deyil. Bu səhnələrdən bəzilərinin reytinq, baxış naminə qurama olması milli-mənəvi dəyərlərə qəsd deyil, nədir? Biz cəmiyyətə hansı mesajları ötürürük, hansı nümunələri göstəririk? Belə verilişlərdə insanların ailə faciələri üzərində şou yaratmaq əsas tendensiyaya çevrilir... 

Sosial/şou xarakterli verilişlərə gözdən pərdə asmaq naminə arabir bəzi tanınmış ziyalılar da çağırılır. Lakin bununla şounun xarakterini nəinki dəyişmək mümkün deyil, əksinə, onları da bəzi aparıcıların efirə yaraşmayan abırsız suallarının qurbanına çevirmək, ümumi axına qoşmaqla cəmiyyətdə hörməti olan insanları da gözdən salmaq nümunələ¬rinə rast gəlinir. Bəzi proqramlara dəvət olunan bir sıra ekspertlər iştirakçıya qarşı o qədər aqressiya nümayiş etdirir, qışqır-bağır salırlar ki, təəccüblənməyə bilmirsən. Sanki məhkəmə salonudur və iştirakçı müttəhim, aparıcı və ekspertlər isə istintaq prosesini idarə edən ittihamçıdırlar. Bu azmış kimi, hamısı eyni vaxtda səs-səsə verib danışır, yəni ağız deyəni qulaq eşitmir, etika qaydalarına riayət etmirlər. Hər kəs özünü digərindən ağıllı göstərir, beləliklə, həm iştirakçıların, həm də tamaşaçıların əsəblərinin gərilməsinə səbəb olurlar. Axı, ekspert müzakirə¬sinə qoşulduğu mövzunu dərindən bilməli, ədalətli, obyektiv və məntiqli mövqe nümayiş etdirməli, verilişə hansısa probleminin həll olunacağı ümidi ilə üz tutanları yerli-yersiz ittiham etməli və ya tərifləməli deyil. Ümumiyyətlə, aparıcıların dəvət etdikləri qonaqlardan daha çox danışmaları, tez-tez qonaqların sözünü dinləmədən və anlamadan kəsmələri təkcə şou xarakterli verilişlərdə deyil, digər əyləncəli səhər və axşam verilişlərində də müşahidə edilir. “Səni axtarıram”, “Təsir dairəsi”, “Gəl danış”, “Zaurla Günaydın”, “Hər şey daxil”, “Rəngarəng”in aparıcıları, eləcə də digərləri o qədər ucadan danışır və qonaqlarının sözlərini, yeri gəldi-gəlmədi kəsirlər ki, izləyicilər əsəb keçirməyə bilmir. Bu, acınacaqlı və ikrah doğuran durumdur.

Çox təəssüflər ki, bəzi müğənnilər toy ab-havasını TV efirlərinə gətirdikləri kimi, artıq ailə-məişət mövzuları da şou proqramların baş mövzulara çevrilib. Hər gün 4-5 saat “Səni axtarıram”, “Bizimləsən”, “Təsir dairəsi”, “Gəl danış”, “Elgizlə izlə”, “Hər şey daxil ” və s. kimi verilişlər evlərimizə, ailələrimizə nüfuz edir, ailədaxili gərgin münasibətlər, şəxsi məsələlər ictimailəşdirilir və sürətlə adiləşir. Tanınmış jurnalist Qulu Məhərrəmlinin təbirincə desək, “televiziyada insanın şəxsi həyatını mövzu etmək, ailə münasi¬¬bətlərini, qonşuluq, qohumluq münasibətlərini qabartmaq, o problemləri mümkün olan ən iyrənc formada müzakirə etmək, bununla tamaşaçı qazanmaq, reytinq əldə etmək, əlbəttə ki, tamamilə yolverilməzdir...”.

Bu kimi verilişlərdə işıqlandırılan silsilə olaylar mənəvi aşınmaların artmasına təkan verir. Təsadüfi deyil ki, kənd və rayonlarımız¬dan gəlinlər, qadınlar 2, 3, hətta bəzən 4 uşağını, bəziləri ərini və evini taleyin ümidinə buraxıb bu verilişlərə axışırlar. Onları efir məkanında görən digərləri də “qonşudan qalma dala” düşüncəsi ilə hisslərinin arxasınca getməyə meyillənirlər... 

Heç şübhəsiz, ailələrdə, cəmiyyətimizdə, eləcə də bir sıra insanlar arasında müəy¬yən problemlər, mənəvi tərbiyə, təlim-tədris sahələrində açıq-aşkar görünən müəyyən boşluqlar mövcuddur. Bu məsələlər peşəkarcasına, incə rəftarla, heç kəsi aşağılamadan, məsxərə obyektinə çevirmədən müzakirə olunmalı və həlli yolları axtarılmalıdır. Belə olarsa, tamaşaçı da izlədiyi müzakirə mövzusu ətrafında aydın düşünə, yaxud onlardan nəticə çıxara bilər

Maraqlıdır ki, bu verilişlərin əksəriyyəti eyni saatlarda yayımlanır. Tamaşaçı bilmir nəyə baxsın, hansı TV kanalını çevirirsən, eyni mövzular, eyni adamlar, eyni ssenari... Nə qədər olar, axı... Bəs tamaşaçının seçim imkanı? Bu, tamaşaçıların bir hissəsini milli efirdən üz çevirməyə vadar edir.  
TV kanallarında narahatlıq doğuran digər problemli məsələ belə şou verilişlərində, eləcə də sağlamlıq, səhhətlə bağlı proqramlarda həkim¬lərin reklam olunmasıdır. Bu verilişlər xəstələrə “pasiyent” deyil, “kliyent” gözü ilə baxır, insanlara qorxu təlqin etməkdə, xəstəliyə yoluxma, yaxud daşıyıcısı olma fobiyası yaşatmaqda, neqativ hisslər ötürməkdədir... Yeri gəlmişkən, qadınlar üçün bədən şəkilləndirmə, yaxud 30 yaş cavanlaşma, üzgərmə, kök hüceyrə ilə məşğul olan özəl tibb müəssisələrinin efirdən reklam olunması nə deməkdir?

Bəzi aparıcılar reytinq qazanmaq xatirinə bayağılığa, şit hərəkətlərə yol verir, özlərini teleməkanın kralı, yaxud da kraliçası hesab edirlər. Maraqlıdır, bu verilişlərin redaktorları yoxdur? Redaksiya siyasəti və peşə etikası qaydaları bu verilişlərin yaradıcı komandası, redaktorları, aparıcıları üçün deyil? 

Heç kim demir ki, bizim TV-lərdə sosial/şou verilişlər qapadılsın. Bu, çıxış yolu deyil. Onların da müəyyən izləyici kütləsi var. Amma verilişlərin bu cür davam etməsi yolverilməzdir. Bu sahə ciddi nəzarətə götürülməli, problemdən çıxış yolları axtarılmalı, televiziya məkanında belə proqramlar eybəcər mənəvi təzahürlərin təhtəlşüur təlqin olunduğu vasitə olmaqdan çıxarılmalıdır. Məlumdur ki, maarifləndir¬mə tamamilə elmi şəkildə qurularsa, auditoriyası daralar. Odur ki, qabaqcıl ölkələrin müsbət televiziya təcrübəsi örnək alına bilər. 
Sosial/şou verilişləri yaddan çıxarsaq, son illər Azərbaycan televiziyaları böyük inkişaf yolu keçib, bunu görməmək mümkün deyil. Vətən müharibəsi dövründə Azərbaycan telejurnalistləri həyatlarını riskə ataraq hadisələrin ən qaynar nöqtələ¬rin¬də gecə-gündüz demədən işlədilər. Bu gün də cəmiyyəti narahat edən məsələləri Azərbaycan TV kanalları xəbərlər, ictimai, siyasi yüklü proqramlarda ətraflı müzakirə edir, cəmiyyəti məlumatlandırır. Bu böyük əmək, fədakarlıq danılmazdır. Cəmiyyətin nəbzi ilə telejurnalistikanın nəbzinin bir vurması, milli efirdə operativlik, qısa müddətdə milli məsələlərin üzərində köklənmək, cəsarətlə Azərbaycana qarşı olanların üzərinə getmək sevindirməyə bilməz. Amma təəssüf ki, yuxarıda qeyd etdiyim məqamlar bu uğurlara kölgə salır. 

Demək, artıq bu verilişlərin də formatında və konsepsiyasında ciddi dəyişikliklər etməyin vaxtıdır.