Paşinyan bir daha təsdiqlədi: Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var!
Baş nazir Nikol Paşinyanın bugünkü mətbuat konfransında yenidən Konstitusiyaya mümkün düzəlişlərə toxunub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan Konstitusiyaya mümkün düzəlişlər barədə bunları deyib:
“Konstitusiyaya dəyişikliklərin konsepsiyası hazırdır. Mən konsepsiya ilə tanış oldum və nəticədə belə qənaətə gəldim ki, Ermənistan Respublikasının yeni Konstitusiyaya ehtiyacı var. Hələ 2020-ci ilin fevralında, COVID pandemiyası səbəbindən konstitusiya referendumu ləğv ediləndə də yeni Konstitusiyanın zəruriliyindən danışmışdım”.
Paşinyan daha əvvəllər də deyib ki, yeni Konstitusiyada 1990-cı ilin avqustunda qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə heç bir istinad olmamalıdır. Əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, “Dağlıq Qarabağ”ın Ermənistan Respublikasının birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.