Televiziyalara verilən son şans
Artan ictimai narazılıq və dövlətin xəbərdarlığı onlar üçün ciddi siqnal olmalıdır
Nəhayət ki.... Mütləq əksəriyyət ATV, "Xəzər", ARB və "Space" telekanallarının rəhbərlərinin Prezident Administrasiyasına dəvət olunması, telekanalların rəhbərlərinə efirləri zəbt etmiş biabırçı verilişlərə son qoyulması barədə tapşırıqlar verilməsi barədə xəbəri belə qarşıladı. Hamı bu xəbərə işıq ucu kimi baxır və ümid yaranıb ki, yaxın vaxtlarda televiziyalar dövlət səviyyəsində edilən müdaxiləyə biganə qalmayacaq, efirlərdə ciddi dəyişiklik olacaq.
İşin bu həddə çatmasına, dövlətin bu işə müdaxilə etmək məcburiyyətində qalmasına kim şərait yaradıb? Televiziya rəhbərləri bütün günü sosial şəbəkələrdə, mətbuatda məlum verilişlərlə, seriallarla, kanallara dəvət olunan ekspertlərlə bağlı ictimai qınağa niyə saymazyana yanaşıb? Tanınmış simaların, xalq artistlərinin kanallardakı bugünkü duruma sərt etirazına belə ögey yanaşmanın arxasında nə dayanıb?
Təbii ki, bu qəbildən olan suallar çoxdur. Televiziyaların uzun müddətdir səslənən tənqidlərdən nəticə çıxarmaması cəmiyyətdə belə bir yanlış təsəvvür yaratmışdı ki, guya dövlət bu verilişlərin aradan qalxmasında o qədər də maraqlı deyil. Amma indi bir daha aydın olur ki, dövlətin yaratdığı mühitdən, özəl televiziyaların yaradıcılığına müdaxilə etməməsindən hədsiz sui-istifadə edilib və kanallarımız bayağı verilişlərin qarşısını almaq əvəzinə, bu qəbildən olan yeni verilişlər yaratmağa üstünlük veriblər. Bununla da bütövlükdə dövlətin informasiya siyasətinə zərbə vurulub. Bu gün milyonların fəxrlə “mən yerli televiziyalara baxmıram” deməsində kanalların günahı olduqca böyükdür. Məhz zamanında ictimai qınağa diqqət verilsəydi, Azərbaycan tamaşaçısı evində yerli televiziyaları qapatmazdı. Vəziyyətin təhlükəli həddə çatması dövləti bu qədər işin-gücün içində kanallardakı Zaurun, Xoşqədəmin, Elgizin və başqalarının “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi ictimai narazılıq və narahatlıq doğuran verilişləri ilə məşğul olmaq məcburiyyətində qoyub. Bu dövlətinmi işidir, yoxsa kifayət qədər gəliri və şəraiti olan kanalların?
Digər tərəfdən, bu məsələdə Azərbaycan tamaşaçısını günahlandırmaq, guya həmin biabırçı verilişlərin daha reytinqli olması iddiası da kökündən yanlışdır. Daha səviyyəli verilişlərlə daha çox pul qazanmaq imkanı var və bununla bağlı yüzlərlə nümunə gətirmək olar. Azərbaycan tamaşaçısı səviyyəli veriliş axtarışındadı və məhz həmin verilişi, filmi, teleserialı tapa bilmədiyi üçün üz tutub Türkiyə, Rusiya kanallarına. Azərbaycan efirindəki seriallarda, verilişlərdə vulqar sözlər, ifadələr elə bir həddə çatıb ki, ailə ilə oturub bunlara baxmaq müşkülə çevrilib. Az qala elə bir söyüş qalmayıb ki, kanallarımıza yol açmasın. Əlac olaraq tamaşaçı Azərbaycan kanallarını qapatmaq kimi xoş olmayan bir yola baş vurub.
Azərbaycan tamaşaçısı Hicran” tamaşasını, “Nəsimi” , “Babək”, “Axırıcı aşırım”, “Yeddi oğul istərəm”, “Bir cənub şəhərində” kimi onlarla adını çəkmədyimiz tamaşa və filmləri efirdə görəndə kanalı çevirmir, dönə-dönə olsa da baxır. Sadəcə, əlindən köks ötürmək və indi niyə belə tamaşa və filmlərin çəkilməməsi sualını vermək gəlir.
Nailə İslamzadə, Ofeliya Sənani, Rafiq Həşimov... kimi aparıcıların yerini normal Azərbaycan dilində danışa bilməyən, danışığı qıcıq doğuran şəxslər gəlib tutub. Bu azmış kimi meyxanaçılar televiziyalarda veriliş aparmağa başlayıblar. Tamaşaçı “Meyxəbər” adlı verilişdə Nasosnı Rufət kimilərin məramı, məqsədi bəlli olmayan küçə söhbətləri, şit-şit zarafatları ilə üz-üzə qalıb...
Televiziyalar yuxudan ayılmalıdırlar və dövlətin xəbərdarlığı onlar üçün ciddi siqnal olmalıdır. Azərbaycan tamaşaçısını geri qazanmağın vaxtı çatıb. Bayağı, bəzi hallarda əxlaqsızlıq aşılayan serialların yerinə daha ciddi mövzularda serallar çəkmək lazımdır. Dəfələrlə vurğulanmasına rəğmən Vətən müharibəsindən bəhs edən ciddi nəsə ortada yoxdur. Kanallar gedib 44 günlük Vətən müharibəsi qəhrəmanını danışdırmaq, şəhid ailəsini ağladıb efirə verməklə işini bitmiş sayır. Azərbaycanın bütün dünyaya səs alan tarixi Zəfəri sanki kanallarımızda dəfn olunur, kiçildilir. Azərbaycan tamaşaçısı “Uzaq sahillərdə”nin yerinə Vətən müharibəsindən bəhs edən film istəyir. TRT 1-də yayımlanan “Mehmed: Fetihler Sultanı”, “Kudüs Fatihi Selahaddin Eyyubi” və başqa bu kimi tariximizdən bəhs edən filmlər axtarır.
Ümid edək ki, yaxın vaxtlarda televiziyalarda dönüşün, yeni cağımıza uyğun efir siyasətinin şahidi olacağıq. Bu işlər qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılmasına qədər irəliləməyəcək...