Ukraynalı idmançı döyüşlərdə həlak olub


Ukraynada dəfələrlə çempion, Avropa çempionatının bürünc mükafatçısı olan peşəkar avarçəkən Dmitri Qubanov həlak olub.

Modern.az xəbər verir ki, 28 yaşlı idman ustası müharibənin əvvəlindən Ukrayna Silahlı Qüvvələrində xidmət edirdi.
Şərqi Ukraynanın ən qaynar nöqtələrində döyüşən Dmitri Qubanov  2 avqust 2023-cü ildə itkin düşmüşdüı. Bu gün Ukrayna Milli Olimpiya Komitəsi onun ölümünü rəsmən təsdiqləyib.

"Təəssüf ki, onun ölümü yalnız indi, aylarla gözləmədən və ümiddən sonra məlum oldu. Dmitrinin həyatda sevimli həyat yoldaşı və qızı yadigar qalıb", - məlumatda qeyd edilib.

D.Qubanov əslən Nikolayev vilayətindən olan peşəkar idmançı idi. O, uşaqlıqdan avarçəkmə ilə məşğul olub və idman karyerası ərzində yeniyetmələr arasında Avropa çempionatında (19 yaşa qədər) bürünc medal qazana bilib. Qubanov 23 yaşadək idmançılar arasında dünya çempionatının da finalçısı olub. Ukraynalı idmançı idman ustası tituluna sahib olub və onun peşəkar yolunu məşqçi Valentina Buravkova müşayiət edib. Qubanov Ukrayna Silahlı Qüvvələrinin sıralarına 2022-ci ildə daxil olub.