“Çin duzu” BƏLASI – Bir çox ölkələrdə qadağan olunan məhsulun DƏHŞƏTLİ ZƏRƏRLƏRİ
Dünyamız yeni bir bəla ilə üz-üzədir. Beləki, “fastfood”lara maraq gündən-günə daha da artır. Axına qoşulanlar isə əsasən, uşaqlar və gənclərdir. Çox təəssüf ki, davamlı “fastfood” yeyən uşaqlar və gənclər başqa yemək yeyə bilmir.
Məcburi yesələr belə, o yeməkdən dad ala bilmirlər. Artıq Azərbaycan ailələrində də fastfudlarla bağlı valideyn uşaq "müharibə"si başlayıb. Bu “müharibə”ninsə səbəbi məhz “Çin duzu”dur.
“Çin duzu” nədir?
Çin duzu üçün dadlandırıcı kimi istifadə edilən E-621 kimi tanınan kimyəvi maddə bir növ qida əlavəsidir. Monosodium glutamat (MSG) mənasını verən bu maddə daha çox Çin restoranlarında istifadə edildiyi üçün “Çin duzu” adlanır. “Çin duzu”ndan təkcə hazır yeməklərdə deyil, kartof qızartması, ət dönəri, toyuq dönəri, balıq kimi məhsullarda da istifadə edilir. “Çin duzu qidalara yalançı ləzzət verir. Ən başlıcası isə asılılıq yaradır. Bundan başqa, toxluq hissini aradan qaldırır, ürək-damar xəstəliklərinə və piylənməyə yol açır.
“Çin duzu” bədəndə hansı sistemlərə və necə təsir edir?
Bir çox elm adamı MSG-nin orqanizm, xüsusən də sinir sistemi üçün zəhərli bir maddə olduğunu və orqanizmdə iltihablı reaksiyalara səbəb ola biləcəyini bildirir. Alzheimer, Parkinson, öyrənmə pozğunluğu, baş ağrıları, çəki artımı və diabet kimi bir çox problemə səbəb ola biləcəyi ifadə edilir.
Bu məhsulun allergiyaya səbəb ola biləcəyi və gözlərə zərər verə biləcəyi iddia edilir. Yaponiyanın Hirosaki Universitetində bir alim və onun komandası tərəfindən aparılan təcrübələrdə siçanlara müxtəlif miqdarda monosodyum-glutamat verilib. Alimlər müəyyən ediblər ki, qlutamat maddəsi tor qişadakı hüceyrələrə hücum edir və buna görə də siçanların görmə qabiliyyəti azalır. Monosodium-qlutamat Azərbaycanda bir çox hazır yeməklərdə dadlandırıcı olaraq istifadə olunur.
Niyə “Çin duzu”na üstünlük verilir?
MSG qidalara dad qatır və şirin, turş, duzlu və acını birləşdirən fərqli bir dad yaradır. Bu yeni dadın adı umamidir. Umami beşinci dad kimi tanınır. Monosodium-glutamat ən çox həll olunan, yeməli ləzzətdir və asanlıqla kristallaşır, buna görə də qidalara asanlıqla əlavə edilə bilər. İstehsalçılar və satıcılar daha çox istehlakı təmin etmək üçün ondan istifadə edirlər.
İnsan dilindəki dad reseptorları qlutamatın dadını aşkar etdikdə ona aludə olur və dad hissi həssas olur. Bu maddə beyni stimullaşdıraraq, dadı artıran və iştahanı artıran təsirə malikdir və biz getdikcə daha çox yeyən, doyumsuz bir insana çevrilə bilərik. Beləliklə, insanları asanlıqla kilo almağa və ya piylənməyə meyilləndirir.
“Çin duzu”nun fəsadları
Mövzu ilə bağlı danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Bizim.Media-ya bildirib ki,istər paketlənmiş, istərsə də ictimai-iaşə obyektlərində təqdim edilən “fastfood”ların tərkibində “Çin duzu” adı ilə tanınan sintetik mənşəli monosodium qlutamatdan istifadə olunur:
"Bu maddə sintetik mənşəli olduğuna görə, insan orqanizmi üçün çox zərərlidir. Bu qida uşaqlar, yeniyetmələr və 20-25 yaşına qədər olan insanlar üçün daha çox zərərlidir. “Çin duzu” vaxt keçdikcə ağızda dad reseptorlarını məhv edərək "umamı" adı verilən yeni dad reseptorunu yaradır. Həmin dad reseptoru da təbii, ənənəvi qidalardan zövq almağa mane olur. Çin duzu insan orqanizmində doyma hissini də məhv edir. Doyumluluq olmadığına görə, davamlı aclıq hissi olur".
Məhsəti Hüseynova onu da qeyd edib ki, bu maddə daxili orqanların funksiyasını pozur:
"Gənclərdə xromosom balansını pozduğuna görə, gələcəkdə təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda xəstəliyi olan insanların vəziyyəti sürətlə ağırlaşır. “Çin duzu”na əsasən “fastfood”ların, çipsilərin, suxariklərin, hazır kotletlərin, ət suyu tabletlərinin, hazır şorbaların, rəngli yoqurtların tərkibində rast gəlinir.
Mütəmadi olaraq bu qidalardan istifadə edən insanların gözlərinin ağ təbəqəsi zədələnir. Bu da zamanla görmə qabiliyyətinin itməsinə səbəb olur. Bu maddə insanlarda sinir sisteminin funksiyasını pozduğuna görə yorğunluq, diqqətsizlik, qavrama qabiliyətinin aşağı düşməsi və gələcəkdə parkinson, alzheimer kimi xəstəliklərin yaranmasına gətirib çıxarır. Doyumzusluq hissi də özlüyündə piylənmə və şəkərli diabet yaradır.
Buna görə “çin duzu” bir çox ölkələrdə qadağan edilib. Qadağan olunsa belə, bu maddə paketlənmiş qidaların tərkibində qarşımıza çıxır”.
Bizim.Media