Qanunlar incələndi, sürücülərə günahsız yerə cərimə yazırmışlar

"Sürücülər də, polis də antiradarla, radar detektorunun fərqini bilməlidir”

Avtomobil yollarında quraşdırılan radarlar sürücülərin sürət həddini aşmalarının qarşısını alan ölçü cihazlarıdır. Avtomobilə quraşdırılan antiradarlar isə sürücünün müəyyən olunmuş sürət həddini aşması ilə yanaşı radarın funksiyasını da dayandırır. Xatırladaq ki, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə süni əngəl yaradan cihazlardan istifadəyə görə sürücü məsuliyyət daşıyır. Bu cür avadanlıqlardan istifadə edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbi ilə, həmin antiradar cihazları müsadirə olunmaqla 500 manatdan 800 manata qədər cərimə edilirlər. Bəzən yol polisləri sürücüləri radar detektorlarına görə də cərimə edirlər. Qanun isə buna icazə vermir. Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Azər Allahverənov Sputnik-ə açıqlamasında bildirir ki, İnzibati Xətalar Məcəlləsində antiradar və sürət əleyhinə olan cihazlarla bağlı müəyyən cərimə sanksiyası var: "Onlar müsadirə olunmaqla yanaşı, müvafiq məbləğdə cərimə edilirlər. Antiradar və ya sürət əleyhinə olan cihaz radarı sıradan çıxarırsa (bunu çox asanlıqla sübut etmək mümkündür), təbii ki, qadağan edilir və cərimə tətbiq edilir".

Allahverənovun sözlərinə görə, bəzi qurğular var ki, avtomobilin sürətini ölçür və sürücü sürət həddini keçəndə xəbərdarlıq edir.

Ekspert qeyd edir ki, xarici ölkələrdə asfaltın içinə xüsusi çiplər quraşdırılır. Həmin çiplər vasitəsi ilə avtomobilə siqnal ötürülür: "Məsələn, yolda hərəkət saatda 100 kilometrdirsə, sürücü 120-150 kilometr sürətlə hərəkət edirsə, o çiplər avtomobilə siqnal ötürür ki, siz sürət həddini keçirsiniz".

"Azərbaycanda radar detektorları sürücüləri qəzadan, sürət həddini keçməkdən qoruyan cihazlardır. DYP isə iddia edir ki, bu cihazlar, sürət əleyhinə olan qurğular radarları sıradan çıxarır. Əgər bu cihazlar radarları sıradan çıxarırsa, təbii ki, inzibati xəta vəziyyəti yaradır" — ekspert bildirir.

A.Allahverənovun sözlərinə görə, antiradarların, sürətölçən cihazların konkret standartı olmalıdır: "Belə olan vəziyyətdə sürücü bilər ki, hansı qadağandır, hansı qadağan deyil. Sürücülərin bu cihazlardan məlumatlı olması, hansının qadağan olduğu, hansının qadağan edilmədiyini bilməsi üçün cihazlar qruplara bölünməlidir. Avtomobilimizdə sürət həddini keçdiyimiz halda xəbərdaredici qurğunun olmasının nəyi pisdir ki?!"

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, nəqliyyat eksperti Elməddin Muradlı da radar detektorlarının son günlərin müzakirə obyektinə çevrildiyini deyir: "Hamı bilməlidir ki, radar detektora görə heç kimi məsuliyyətə cəlb etmək olmaz. Radar detektor antiradar deyil. Bəzi polis əməkdaşları radar detektora görə sürücünü saxlayıb ya antiradar adı ilə 500, ya da "əlavə avadanlıq" adı ilə 150 manat cərimə yazırlar".

"Bunların hər ikisi qanunsuzdur. Belə hallara yol vermək olmaz. Çünki bununla bağlı "Yol hərəkəti haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsində hər hansı bir qadağa və ya hər hansı cərimə nəzərdə tutulmayıb. Qanunda birbaşa olaraq antiradarın nə olduğu izah edilib və ona görə cərimə nəzərdə tutulub" - mütəxəssis əlavə edir.

Muradlı bildirir ki, antiradar yollarda quraşdırılan radarın iş prinsipini poza bilən cihazdır: "Radar ultrabənövşəyi şüalar vasitəsi ilə sürücünün sürət həddini keçdiyini müəyyən edirsə, antiradar eyni tipli şüa buraxmaqla radarın funksiyasını pozur, onu sıradan çıxarır və radar qeydiyyat apara bilmir. Bu cihaz qanunvericilikdə qadağandır və ölkəyə gətirilməsinə icazə yoxdur".

Həmsöhbətimizin dediyinə görə, antiradarların ölkəyə gətirilməsinə və satışına Nazirlər Kabineti nəzarət edir: "Bəzən iddia edirlər ki, radar detektorlarının siqnalı sürücünün diqqətini yayındırır. Ona qalsa, avtomobildə musiqiyə qulaq asmaq, yolun kənarında qarğıdalı satanlar, yollarda avtomobillərin siqnal verməsi də sürücünün diqqətini yayındırmalıdır. Bu, bir az absurd fikirdir. Radar detektordan istifadəyə görə qanunvericilikdə heç bir cərimə nəzərdə tutulmayıb. Bunun əksinə çıxmaq qanunun əksinə çıxmaq deməkdir".

E.Muradlının fikrincə, insanlar hüquq və vəzifələrini yaxşı bilməlidir: "Sürücülər də, polis də antiradarla, radar detektorunun fərqini bilməlidir. Bilrisiniz ki, yolların kənarlarında radar xəbərdaredici nişan quraşdırılır. Digər tərəfdən bütün naviqasiya sistemlərində radarlar haqqında məlumat verilib. Onda belə çıxır ki, bunlar da qanunsuzdur? Bu cihazların sertifikatları var və funksiyaları üzərində qeyd olunub. Cərimə yazmamışdan və bu cihazlardan istifadə etməmişdən öncə həmin sertifikatları nəzərdən keçirmək lazımdır".

Məsələni şərh edən hüquqşünas Tağı Hüseynovun sözlərinə görə isə, sürət ölçən və radar barədə xəbərdaredici cihazlar haqqında İnzibati Xətalar Məcəlləsində qadağanedici müddəalar yoxdur: "Sürətölçən cihazlar tam qanunidir. DYP-nin sürətölçən cihazlara müdaxiləsi də qanunsuzdur. Özünüz bilirsiniz ki, gizli radarın belə, quraşdırılması qanunsuzdur".



"Yollarda radarlarla bağlı xəbərdaredici nişanlar varsa, bu, o deməkdir ki, həmin nişanlar sürücüyə qarşıda radar olduğuna dair xəbərdarlıq və sürəti azaltmaq haqda tövsiyə edir. Bəlkə mən yolu bilmirəm, qaranlıqda gözüm görmür? Buna görə də radardan xəbərdaredici cihazlar faydalıdır və qanunsuz deyil, buna heç bir məhdudiyyət qoyula bilməz. Hətta yeni avtomobillər var ki, zavod istehsalında radar xəbərdaredici cihazlarla təmin edilirlər. Bu cihazların sürücüyə faydası var və heç bir dövlət qurumu bunu ləğv edə bilməz" - T.Hüseynov vurğulayır.
(avtosfer.az)