Paraqvay Prezidenti G20 sammitində xəstəxanalıq oldu
Paraqvay Prezidenti Santiaqo Penya sinə ağrısı səbəbilə Rio-de-Janeyroda keçirilən G20 zirvəsini təcili yardım maşını ilə tərk edib.
Bu barədə “Ultima Hora” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, 46 yaşlı dövlət başçısı ürək nahiyəsində ağrılardan şikayətlənib.
Penya xəstəxanaya yerləşdirilməzdən əvvəl sammitin keçirildiyi Müasir İncəsənət Muzeyində həkimlər briqadası tərəfindən müayinə olunub. Daha sonra Rio-de-Janeyroda yerləşən “Samaritano” xəstəxanasına aparılıb.
Dövlət başçısının müşahidə üçün bir gün klinikada qalacağı deyilir.
Paraqvayın vitse-prezidenti Pedro Alliana prezidentlə danışdığını, vəziyyətinin yaxşı olduğunu və tibbi müayinələrin nəticələrini gözlədiyini bildirib.
Onun sammitdə iştiraka davam edəcəyi ilə bağlı məlumat verilmir.