İran şahının oğlu Trampdan Xamnei rejimini bitirməyi İSTƏDİ

İran şahının oğlu Trampdan Xamnei rejimini bitirməyi İSTƏDİ

İranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi ABŞ-da prezident seçkilərinin respublikaçılardan olan qalibi Donald Trampı təbrik edib.

Bu barədə Rza Pəhləvi  sosial şəbəkədəki paylaşımında bildirib.

“Sizi ABŞ prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. İlk prezidentlik dönəminizdə nəinki Yaxın Şərqi, hətta Amerika xalqını terror, qeyri-sabitlik, xaosla təhdid edən İslam Respublikasına qarşı cəsarətlə İran xalqının yanında durdunuz. İndi bu təhlükəni birdəfəlik bitirməklə tarix yazmaq və davamlı sülh mirası qoymaq imkanınız var. Bu missiyanız zamanı İran xalqı sizin ən yaxşı tərəfdaşınızdır”, - deyə Rza Pəhləvi təbrikində qeyd edib.

Xatırladaq ki, 1979-ci ildə devirilən İran şahı Məhəmməd Rza Pəhləvinin ailəsi ABŞ-a qaçıb. Hazırda şahın arvadı Fərəh Pəhləvi və böyük oğlu Rza Pəhləvi Vaşinqtonda yaşayır.

İran mühacirlərinin bir hissəsi Rza Pəhləvini "şah" adlandırır.

Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.