Cənab Prezident İlham Əliyev vaxtaşırı olaraq keçirdiyi müşavirələrdə, əhali ilə görüşlərində dəfələrlə bəyan edir ki, məmur xalqa xidmət etməlidir, daha ona yuxarıdan aşağı baxmamalı, öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməməlidir. Amma buna baxmayaraq, bəzi məmurlar ölkə rəhbərinin bu çağırışlarına məhəl qoymur, vəzifə səlahiyyətlərindən öz şəxsi məqsədlərini həyata keçirmək üçün istifadə edirlər.
Barəsində söhbət açacağımız polis leytenantı Fərid Həşimov da belə məmurlardandır. Gənc olmasına rəğmən çoxsaylı qanunsuzluqlara imza atan, vəzifəyə “dədə mülkü” kimi baxan F.Həşimov bir müddət öncə Yasamal rayon Polis İdarəsinə işə düzəlir. Əyninə zabit mundiri geyinən 30 yaşlı F.Həşimovla bağlı həngamələr də bundan sonra başlayır.
Polis zabiti nə qədər qəribə görünsə də, bir qadına qarşı zorakılıq edir. Onun bu fəaliyyətindən çalışdığı qurumun qaynar xəttinə, 102 xidmətinə şikayət olunur. Bu dəfə də şəxsi əlaqələri onun dadına çatır və bu işin bağlanmasına nail olur. Hər vəziyyətdən “ustalıqla yayınmağı” bacaran zabit bundan sonra Yasamal rayonundan Masallı rayonuna “perovod” alır. İddialara görə, F.Həşimov Masallıda çalışarkən narkotik istifadəçilərinə aylıq “haqq qoyur”. Bu işdə isə ona narkotik istifadəçisi olan əmisi yardım edir. Məhz onun vasitəçiliyi ilə narkotik istifadəçiləri ilə “doğmalaşa” bilir. Amma bu “mehriban dostluq” uzun davam etmir. Onun bu əməlindən xəbər tutan rəhbərlik dər hal onu rayondan qovur və bu dəfə səsi Qobustan rayonundan gəlir.
Şəkillərdən göründüyü kimi, F.Həşimov yüngül həyat tərzinə meyllidir. Verilən məlumatlara görə, polis zabiti eşi-işrət həyatı keçirir və kef məclislərindən qalmır.
(Bakunews.az)