Millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbini açıqlayıb.
AzBaku.info xəbər verir ki, millət vəkili növbədənkənar prezident seçkilərinin təyin edilməsinin bu il ölkəmizdə bir sıra mühüm tədbirlərin keçirilməsi ilə əlaqədar olduğunu bildirib: “Aydın Mirzəzadə bildirib ki, bu il Azərbaycan Parlamentinin, Silahlı Qüvvələrin yaranmasının və Azərbaycan dövlət bayrağının qəbul edilməsinin 100 illiyidir: “Azərbaycan cəmiyyəti bu il həm seçki keçirməli, həm də yubileyləri yüksək səviyyədə keçirməklə müstəqilliyə layiq olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifə olduğunu göstərməlidir”.
Millət vəkilinin sözlərinə görə, seçkilərin vaxtının əvvələ çəkilməsi ilə cəmiyyətimiz həm prezident seçkilərini, həm də digər tədbirləri yüksək səviyyədə keçirə biləcək: “Prezident seçkiləri konstitusiyada nəzərdə tutulduğu kimi oktyabr ayında keçirilsəydi, cəmiyyət paralel surətdə bir neçə istiqamətdə öz fəaliyyətini göstərməli olacaqdı. İndiki situasiyada isə seçkiləri keçirməklə biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini adına layiq şəkildə qeyd edə biləcəyik. Eyni zamanda cümhuriyyətimizin ikinci 100 illiyinə yeni seçilən prezidentin liderliyi, yeni proqramlarla, yeni hədəflərlə daxil olacağıq”. /Azvision.az