
İçərişəhərdə "Ağıllı qoruq" konsepsiyası üzrə transformasiya strategiyası hazırlanıb.
Bunu "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.
"Biz ağıllı, dayanıqlı şəhər layihələri haqqında danışarkən, mücərrəd anlayışlardan praktiki nəticələrə keçmək, şübhəsiz ki, vacibdir; çünki şəhərlər adətən strategiyalarına görə deyil, onun icrasına görə mühakimə olunur. Eyni zamanda, icranın özü də aydın bir baxış və aydın bir strategiya tələb edir. Məhz buna görə də İçərişəhərdə, islahatların yeni mərhələsinə başladıqdan sonra, bir mərkəzi ideya - "ağıllı qoruq" ətrafında üçillik ətraflı transformasiya strategiyası hazırladıq. Bu strategiya irsin qorunması, rəqəmsal transformasiya, infrastrukturun müasirləşdirilməsi, turizmin inkişafı, dövlət xidmətləri, dayanıqlılıq və icma yönümlü idarəetməni vahid inteqrasiya olunmuş idarəetmə sistemində birləşdirir. Ən əsası odur ki, bu, sadəcə konseptual bir sənəd deyil və bu gün biz daha sistematik və layihəyönümlü idarəetmə modeli vasitəsilə irimiqyaslı infrastruktur təşəbbüslərindən tutmuş fasadların bərpasına, mobilliyin idarə edilməsinə, muzeylərin müasirləşdirilməsinə, dövlət xidmətlərinə və rəqəmsal sistemlərə qədər bir-biri ilə əlaqəli layihələrdən ibarət böyük bir portfeli idarə edirik", -deyə o qeyd edib.
Sədrin sözlərinə görə, "Ağıllı qoruq" yanaşması İçərişəhərdə inteqrə edilmiş şəhər ekosistemi yaradır: "İçərişəhər YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxildir, lakin eyni zamanda bura sakinləri, biznesi, turizmi, infrastrukturu, nəqliyyatı və gündəlik şəhər idarəetməsi çağırışları olan canlı bir şəhər ərazisidir. Uzun illər boyu dünyadakı tarixi şəhərlər ya muzey məkanları kimi, ya da pərakəndə, reaktiv yanaşmalarla idarə olunurdu. Biz başa düşdük ki, bu model artıq dayanıqlı deyil. Buna görə də, qeyd etdiyim kimi, "ağıllı qoruq" adlandırdığımız yanaşmanı tətbiq etdik. Bizim üçün bu, sadəcə rəqəmsallaşdırma demək deyil. Söhbət inteqrasiya olunmuş şəhər ekosisteminin qurulmasından gedir. Və ən əsası, biz inanırıq ki, tarixi şəhərlərdə texnologiya, xüsusən də arxa planda səssizcə işləməli, mədəniyyət, memarlıq və icma isə ön planda olmalıdır".


