
Ortaq mənafelər, əməkdaşlıq, sülh və münasibətlərin normallaşması kimi məsələlər təhlükəsizliyin təmin olunmasını da aktuallaşdırır. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Cənubi Qafqazda fərqli şəraitin yaranmasına da nail olub. Bu həm də regional təhlükəsizliklə bağlı məsələləri gündəliyə gətirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Cənubi Qafqaz üçün ümumi təhlükəsizlik sisteminin yaradılmasını mümkün hesab edir.Daha dəqiq desək, o, Azərbaycan və Ermənistan arasında münasibətlərin tam tənzimlənməsindən sonra gələcəkdə Cənubi Qafqazda ümumi təhlükəsizlik sisteminin formalaşdırılması mümkünlüyünü vurğulayıb. Nazir deyib ki, indiki şəraitdə söhbət hələlik aparılan danışıqlardan deyil, yalnız mümkün perspektivdən gedir.
Onun sözlərinə görə, bu kontekstdə Türkiyə və Azərbaycan münasibətləri xüsusi əhəmiyyət daşıyır, çünki onlar artıq sıx hərbi-siyasi tərəfdaşlığa malikdirlər. Hakan Fidan bildirib ki, Ankara və Bakı Azərbaycan və Ermənistan arasında normallaşma prosesini dəstəkləyir, sülh sazişini Cənubi Qafqazın uzunmüddətli sabitliyi üçün ən vacib şərt kimi qiymətləndirirlər.
Beynəlxalq münasibətlərdə Cənubi Qafqaza region olaraq bir bütöv kimi yanaşılır. Bölgədəki üç dövlətin bir-biri ilə münasibətlərinin normallaşması, habelə dayanıqlı sülhün, əməkdaşlığın təmin olunması onların bir sıra məsələlərdə ortaq mənafelərinin zəruriliyini şərtləndirir. Ona görə də təbii olaraq belə bir sual yaranır: Cənubi Qafqazda ümumi təhlükəsizlik sistemi niyə lazımdır?
Bölgədə üç respublika - Azərbaycan, Ermənistan və Gürcüstan yarandıqdan sonra onların təhlükəsizliyinə həm də şimaldan təhdid olub. Elə bu amil müstəqilliklərinə son qoymaqla yanaşı, onların arasında ziddiyyət, indiyədək davam edən düşmənlik toxumu belə səpib.
Ona görə də Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxarıldıqdan sonra iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar həm də Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı məsələlərin vacibliyini gündəliyə gətirir.
Zəngəzur yolunun (TRIPP) gələcəkdə fəaliyyət göstərməsi, bölgədən keçən müxtəlif marşrutlar, habelə Orta Dəhlizlə daşımaların artması, Xəzərlə Qara dəniz arasında bütöv regionun körpü, bağlayıcı olması yaranmış yeni vəziyyətə uyğun şərtləri də dəyişib. Çünki Cənubi Qafqazda reallaşan və gerçəkləşəcək layihələri birbaşa, açıq-aşkar təhdid edənlərlə yanaşı, regiondakı bu kimi tərəqqiyə qarşı dolayı yolla çıxıb, onunla düşmənlik edənlər də var.
Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxracı kəməri, TANAP, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryol xətti, Bakı-Tbilisi-Ərzurum Boru Xətti, TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi, 1993-cü ilin may ayında Brüsseldə Avropa İttifaqlının iştirakı ilə keçirilən konfransda 8 ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən təsis edilib) kimi layihələrin təhlükəsizliklərinin təmin olunması da Cənubi Qafqazda bu sahənin vacibliyinə diqqəti artırır.
Deməli, təhlükəsizliyin təkcə Cənubi Qafqazın deyil, həm də Mərkəzi Asiyanın (Türküstan) təxirəsalınmaz məsələsinə çevrilməsi ehtimalı çoxdur.
Cənubi Qafqaz respublikaları ilə Türküstan arasında son illər müxtəlif sahələrdə əməkdaşlığın artması, siyasi-diplomatik münasibətlərin inkişafı regionların birgə təhlükəsizlik sisteminin də qurulmasını aktuallaşdırır.
Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması, ona Mərkəzi Asiyanın qoşulması səbəblərini aşağıdakı kimi sıralamaq olar:
- regionların Qərbə meyl etməsi;
- müstəqillik və suverenliyini qoruyub saxlaması;
- təhlükəsizliklərinin ortaq mənbədən təhdid edilməsi;
- iqtisadi-ticarət maraqlarının təmin olunması;
- beynəlxalq arenada baş verən münaqişələrin həllinə oxşar siyasi-diplomartik yanaşma;
- yeni bazarlara müstəqil çıxış əldə etmək;
- etibarlı tərəfdaş və zəncir rolu oynamaq və s.
Ötən ilin oktyabrında Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr edilmiş 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışında da təhlükəsizliyin aktuallığı vurğulanıb. O bildirmişdi ki, sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir: "Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir".
Prezident İlham Əliyev həmin toplantıda vurğulayıb ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.
Sülh və əməkdaşlıq üçün də onun vacibliyi günbəgün təsdiqlənir.
Regional təşhlükəsizliyin təmin olunması üçün bir sıra beynəlxalq sistemlər mövcuddur. Onlardan biri də 2026-cı il avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış paktdır.
Avqustun 31-də İstanbulda Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində təsis edilən Strateji Siyasi və Müdafiə Komitəsinin ilk toplantısı keçirilib. Toplantıda beynəlxalq təhlükəsizlik məsələlərinin gündəmdə yer alması, həmçinin müdafiə potensialının inkişaf etdirilməsi, bu kontekstdə üç ölkənin silahlı qüvvələri arasında birgə fəaliyyət qabiliyyətinin artırılmasının təşviq edilməsi, ortaq istehsal ilə tədqiqat və inkişaf daxil müdafiə sənayesi sahəsindəki əməkdaşlığın dərinləşdirilməsi, terrorla mübarizədə birgə səylərin gücləndirilməsi kimi mövzular müzakirə edilib. Habelə toplantıda gələcək dövrdə atılacaq addımlara dair yol xəritəsinin müəyyən edilməsi nəzərdə tutulub.
Odur ki, Cənubi Qafqazda da mümkün təhlükəsizlik, müdafiə sisteminin qurulması, ona Mərkəzi Asiyanın gələcəkdə qoşulması ehtimalı həm də bölgələrdəki dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün başlıca vasitələrdən ola bilər. Bu sistem bölgədə yeni əməkdaşlıq mədəniyyətinin də yaranmasına stimul verər. Ona görə də Cənubi Qafqaz – Mərkəzi Asiya ortaq təhlükəsizlik və müdafiə sisteminin mümkün qurulmasına doğru müzakirələrin aparılması da aktuallaşa bilər.(Report)


