İntiqam Əliyevin bütün "qara işlərinə" rəhbərlik edən onun müavin Novruz Hüseynov vətəndaşdan "istəyini" artıq dillə ifadə etmir, istədiyi rəqəmi kalkluyatora yazır və vətəndaşa göstərir.
Prezidentin 11 aprel seçkilərindən sonra formalaşdırdığı yeni kabinetdə Səlim Müslümovun yer almaması əslində çoxdan gözlənilən idi. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi sistemində rüşvətin yaradıcısı olan Füzuli Ələkbərovun Səlim Müslümovla əvəzlənməsi ölkə vətəndaşlarında bu qurumda kardinal olmasa belə, müəyyən qədər şəffaflığın olacağı qənaətini yaratmışdı. Lakin qısa müddət sonra Səlim Müslümovun idarəçilik prinsipi də Füzuli Ələkbərovun sisteminə uyğunlaşdırıldı. Belə ki, uzun illər Füzuli Ələkbərovun kadrlarının yaratdığı rüşvət sisteminin Səlim Müslümov tərəfindən də davam etdirilməsi bütün ümidləri söndürdü. Bu quruma müraciət edənlər yenə də amansızlıqla qarşılanır, istəyinə nail olan nazirlik əməkdaşı - yəni "6+6" prinsipinə vətəndaşı razı saldıqdan sonra onu necə lazımdır "yola salır".
Xatırladaq ki, Sahil Babayev yeni kabinetdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub. Yenə də vətəndaş ümidlidir.
Lakin nazirlikdəki mənbənin verdiyi məlumata görə nə qədər ki, Əjdər Ol bu sistemdə yüksək vəzifə tutur, o halda ƏƏSMN-də idarəçiliyin qanuni vəziyyətə keçməsi sadəcə mümkünsüzdür. Nazirlikdəki mənbədən BakuNews.az-a daxil olan məlumata görə, ƏƏSMN-nin aparat rəhbəri Əjdər Olun himayə etdikləri bəzi rayon DSMF-nin müdirləri əyalət insanlarına sadəcə zülm edirlər. Belə şəxslərdən biri də İmişli rayon DSMF-nin rəhbəri İntiqam Əliyevdir. Xatırladaq ki, bir müddət əvvəl vətəndaşların kütləvi şəkildə incidilməsi konteksində mətbuata şikayət xarakterli audio - müsahibələr verilsə də, hətta İntiqam Əliyevin rəhbərlik etdiyi qurumun əməkdaşının rüşvət istəməsinin səs yazısı belə dərc olunsa da, bu şəxsə qaşın üstə gözün var deyən olmadı. Əksinə İntiqam Əliyev nazirlik tərəfindən himayə belə edildi. Bu şəxslə bağlı nazirliyə şikayət edənlərə isə "biz ona heç nə deyə bilmərik" - deyə cavab verdilər. Və məhz bu cür münasibətin nəticəsi olaraq da ötən həftənin cümə günü İmişli DSMF-yə müraciət edən vətəndaşı küçə söyüşləri ilə təhqir edib qovan İntiqam Əliyev həmin şəxsə hədə - qorxu gəlməkdən belə çəkinməyib. Onu da xatırladaq ki, İntiqam Əliyevin bütün "qara işlərinə" rəhbərlik edən onun müavin Novruz Hüseynov vətəndaşdan "istəyini" artıq dillə ifadə etmir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeçiliyində fəaliyət göstərən Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədovun III qrup əlilin problemini "həll" emək üçün ondan istədiyi püşvətin audio yazısı mətbuatda dərc ediləndən sonra, bu məqsədlə istədiyi rəqəmi kalkluyatora yazır və vətəndaşa göstərir. Redaksiyaya müraciət edən və həmin hadisənin bilavasitə şahidi olan şəxsin bildirdiyinə görə Novruz Hüseynov yalnız sənədlərin adlarını çəkərkən danışır. Əks halda isə işarələrlə "danışan" müavinin səsini eşitmək mümkün deyil. İmişli DSMF-yə müracət edən şikayətçilərdən birinin redaksiyaya verdiyi məlumata görə hal - hazırda ƏƏSMN tərəfindən İmişli DSMF-də yoxlamalar aparılır. Mənbənin verdiyi məlumata görə İntiqam Əliyev rəhbərlik etdiyi qurumdakı yoxlamalar konteksində gənc nazirin yaşına işarə edərək "uşaq əlində qaldıq" - deyə istehza ilə öz - özünə söylənirmiş. Oxucuların diqqətinə çatdıraq ki, bu şəxs bir müddət əvvəl Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucova, mərhum yazıçı - jurnalist Məryəm Şahverdiyevaya da qarşı məmura yaraşmyan hərəkətlərə yol vermişdi. Hər iki şəxs İntiqam Əliyevin və əməkdaşlarının bilavasitə şahid olduqları qanunsuz əməlləri ilə bağlı mediaya audio - müsahibələr versələr də o, məhz nazirlikdəki himayəçiləri tərəfindən ciddi cəhdlə qorunmuşdur. Biz mətbuat olaraq yeni naziri İntiqam Əliyevdən fərqli olaraq prespektivli, uğurlu kadr hesab edirik. Və inanırıq ki, o heç də uşaq olmadığını, eyni zamanda idarəçiliyi bu cür sovet dövrünün eybəcər xüsusiyyətləri ilə icra edən şəxslərə ən qısa zamanda sübut edəcək.
Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən təşkilat və şəxslərində münasibətlərini dərc edə bilər.
BakuNews.az