Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən “Regionların 2014-2018-ci illərdə sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın müvafiq bəndlərində nəzərdə tutulmuş tədbirlərin həlli üçün respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirməklə, ümumilikdə 2015-ci ildə 36335,0 min m2, 2016-cı ildə isə 79101,9 min m2 ərazinin təmizlənməsi, müvafiq olaraq 24380 ədəd minanın və 38576 ədəd PHS-in aşkar edilərək zərərsizləşdirilməsi, ərazilərin təhlükəsizlik sənədləri ilə təmin olunması işləri həyata keçirilib.
AzBaku.info APA-istinad'n x'b'r verir ki, bu, Hesablama Palatasının ANAMA-da 2015-2016-cı illər üzrə audit yoxlamasının nəticələrində əksini tapıb.
ANAMA-nın əsas məqsəd və vəzifələrini yerinə yetirməsi üçün BMT-nin, ABŞ Dövlət Departamentinin və digər donorların layihələrə ayırdığı vəsait üzrə ərazilərin minalardan təmizlənməsi işlərinin aparılması məqsədi ilə vəsait ayrılsa da, maliyyələşmədə hökumətlərarası pay nisbətində dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi artıb.
Hesabatın müzakirəsi zamanı ANAMA-nın öz fəaliyyətində Azərbaycan qanunvericiliyini, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının (Komissiya) qərarlarını, Nizamnaməsini, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndələrinin tövsiyələrini, beynəlxalq humanitar minalardan təmizləmə standartlarını və İnzibati İşlər üzrə Standart Əməliyyat Prosedurları sənəd toplusunu əsas tutduğu bildirilib.
Ərazilərin minadan təmizləmə əməliyyatlarının aparılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi zamanı müvafiq sənədlərin tələblərinə əməl edilməsi ilə yanaşı, bir sıra nöqsanlara da yol verildiyi diqqətə çatdırılıb.
Belə ki, Nizamnaməsinin tələblərinə əməl edilməyərək ANAMA-nın strukturu və ştat vahidlərinin sayı, işçilərin tutduğu vəzifəyə uyğun aylıq vəzifə maaşları Komissiya tərəfindən deyil, rəhbərlik tərəfindən müstəqil təsdiq edilib, 8 nəfər işçiyə məzuniyyətdə olduğu və məzuniyyət haqqı ödənildiyi halda həmin dövr üçün tutulmalardan sonra təkrarən əmək haqqı ödənilməsi, “Beynəlxalq və İnzibati İşlər üzrə Standart Əməliyyat Prosedurları”nın tələblərinə əməl edilməyərək əməliyyat işlərində iştirak etməyən şəxslərə yemək xərci verilməsi, ezamiyyə xərclərinin ödənilməsi zamanı bir sıra hallarda müvafiq normalara riayət edilməməsi nəticəsində artıq vəsaitin ödənilməsinə, həmçinin müxtəlif markalı nəqliyyat vasitələrinə texniki göstərici əsasında sərf edilən yanacaq normasının düzgün tətbiq edilməməsi səbəbindən artıq yanacaq silinməsinə yol verilib.
Eyni zamanda “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə riayət edilməyərək bir sıra hallarda satınalma metodu tətbiq edilmədən malların (işlərin və xidmətlərin) satınalınması həyata keçirilib. Malların (işlərin və xidmətlərin) satınalınması ayrı-ayrı müqavilələrə bölünməklə satınalma kotirovka sorğusu üsulu ilə həyata keçirilib, satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətlərinin formalaşdırılmasının əsasları açıqlanmayıb.