"Atlamaq onsuz da çətin idi. Hələ təzyiqlər... Biri var özbaşına çarə tapıb bunu keçəsən... Amma atlatmaq olmur, hara baxırsan – sağında, solunda, yatanda, duranda yanında olan bir mələkdir. Deməzdim ki, atlatdım, yoxdur. Hər zaman deyirəm yanımdadır, mənimlədir”.
Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Afaq Gəncəli "Zərif qəhrəman” verilişində deyib.
O, dünyasını dəyişən oğlu Qədirxandan və ondan sonrakı həyatından danışıb. Afaq sosial şəbəkələrdə ona yazılan təhqirlərdən söz açıb:
"Bunu normal qəbul edirəm. Təzyiqlər, deyilən sözlər mənə əziyyət verdi. Bəlli məkanlara gedəndə mənə pis baxır, nalayiq sözlər deyirdilər: niyə geyindin, efirə çıxdın. Cavab vermək istəyirdim, amma susurdum. Mən nə etməli idim? Evdə oturub, qapını bağlayıb havalanmalı idim? Anam necə olacaqdı, mənə kim baxacaqdı. Bunlara bir çarə, cavab, çıxış vəziyyəti tapan olsaydı, deyərdim, afərin. Deyərdiz, sən bu yolu seçmədin, getdin efirə çıxdın. Hələ də təzyiqlər var.
Ən pis təhqir yazırlar, bir ana olaraq məni təhqir edirlər. Hətta yazanlar belə anadırlar. Ana olaraq məni təhqir edirlər, anlamırlar. Təhqir etdikləri insan ana idi, indi deyil. 12 il ana deyən övladı var idi. İndi o sözü eşitmir. Ən böyük bədbəxtçilik odur ki, anasan, amma 12 il sonra sən o deyilsən. Sənə ana deyən yoxdur. Yıxılan adamın üstünə çıxıb, tapdalayırlar. Yaralı birini, qan axan yaranı aralayıb, duz tökürlər ki, yan, lap pis olsun. Hə, oldu, razıyam. Bundan sizə faydası olacaq?".
Gəncəli ona dəstək olan qadınların da az olmadığını deyib:
"Hər şeyi düzgün başa düşən xanımlarımız da da. Deyirlər, güclüsünüz, sizdən güc alırıq. Bu da mənim ailəmdən irəli gəlir. Ya mən ölməli, özünə qəsd etməliydim, ya da bu Afaq olmalıydım. Boz sıçan olmalıydım, onda da gedib özümə qəsd etməliydim. Ya olmalısan, ya olmamalısan. Dayanmadan işlədim, atdım özümü işə. İşdə elə şərait yaratdılar ki, işim çox oldu. Yox, yaddan çıxarmadım, hətta ağlaya-ağlaya çalışırdım. Saçımı üzümə töküb ağlayırdım. Beyin işdə olmasa da, hərəkətdə idim.
Mənim anam var, onun üzünə gülürəm. Hər şey edərəm ki, anam yaşasın, gözümün qabağında gülsün. İndiyənə kimi də otağı qalır. Həmin şəkillər, oyuncaqlar, heç nə dəyişmədi. İstəmirəm dəyişsin. Telefonumun ekranında övladımın fotosu var. Deyirlər dəyiş, sənə xatırladır. Hər səhərimi onunla açıram, mənə bəsdir. Heç nə əbədi deyil”.
Aparıcı ona kənardan xoşbəxt olduğunu deyənlərə səslənib:
"Makiyajda, gözəl geyimdə gəzmək xoşbəxtlik deyil. Mənim işim budur, olmalıyam. O qədər istəyirəm ki, rahat ayaqqabıda, makiyajsız gəzim. Kənardan baxıb deyirlər, arsızdır, xoşbəxtdir. Bu kəlmə ən yaralı yerimdir. Nə bilirsən mən kamera arxasında necəyəm, hara gedirəm. İstəyərəm ki, xoşbəxtlərin xoşbəxti olum. Bədbəxt də deyiləm. Anam, qardaşım, onun balaları yanımdadır.
Uşaqları o qədər sevirəm ki... Deyirdim kaş 11 övladım olardı. Evdə hər qapıdan bir uşaq çıxsın. Həyatımı, işimi uşaq üçün dəyişərdim. Bəlkə başıma bu hadisə gəlməsəydi, bilməzdim. Ancaq öz qanımdan olan övlad üçün həyatımı dəyişərəm. Qorxurdum ki, başqa uşaqlara baxıb həsəd apararam. Amma olmadım. Çünki mələyimi dəfn etmədim, yanımdadır. Uşaqdan, onun iyindən həzz alan adamam. Necə mən uşağa baxıb kinli olaram?
Allah heç bir anaya göstərməsin. Hətta mənə təhqir yazanlara deyirəm ki, Allah sizi o qədər xoşbəxt etsin ki... Bu cür hal yaşayan analara demək istəyirəm ki, övladınızın ruhunu rahat buraxın. Mən rahat buraxmırdım, əziyyət çəkirdim. Çalışın yaşadın, dəfn etməyin. Yaşadın ki, onun da ruhu şad olsun. Övlad övladdır, heç yerə getmir, ürəkdədir”.