Dövlət qurumlarının işində effektiv idarəçiliyə nail olmaq məqsədilə həyata keçirilən islahatların müsbət nəticələri göz önündədir. Həmin islahatlar dalğasının bundan sonra da davam edəcəyi və konkret olaraq ictimai rəydə heç bir pozitiv çalarla xatırlanmayan Dövlət Yol Polisi strukturunu da əhatə edəcəyi gözlənilir.
Xatırladaq ki, artıq ləğv edilmiş Nəqliyyat Nazirliyindən sonra kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsidir. Son illər sosial şəbəkələrdə və mediada yol polisi haqqında biabırçı video çarxların yayılması, ictimai rəydə qurumun heç bir nüfuzunun qalmaması DYP-də ciddi islahatları qaçılmaz edir. Bildirək ki, Prezident İlham Əliyevin iyulun 6-da imzaladığı Fərmanla Dövlət Yol Polisinin (DYP) bir sıra səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib.
Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması BNA-ya həvalə edilib. Qeyd olunub ki, Daxili İşlər Nazirliyilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunması təmin edilməlidir. Bununla bağlı Dosye.org-a daxil olan məlumata görə illərdir ki, təqaüd yaşının çatmasına baxmayaraq kreslosunun hələ də qorumağı bacarmış Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov üçün də yolun sonu görülməkdədir. Xatırladaq ki, 67 yaşlı BDYPİ rəisi 25 ilə yaxındır ki, bu sahəyə rəhbərliyi həyata keçirir.
Onu da bildirək ki, bu il BDYPİ rəisinin daxili işlər orqanlarında fəaliyyətə başlamasının 42 ili tamam olur. Belə ki, 1976-cı ildə bu sistemə qəbul edilən Zeynalovun öncə Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, ardınca isə Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışıb. Zeynalov həmin il məhz bu vəzifədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi postuna gətirilib və günümüzə qədər də bu vəzifədə qalmağı bacarıb.
Məlumatlı mənbənin Dosye.org-a verdiyi məlumatlarda isə bildirilir ki, Ramiz Zeynalov üçün karyerasının "payızı” başlayıb. Bunun təsdiqi kimi diqqət çəkən bir məqam isə onun 10 ildən artıq müddətə Tovuz rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutmuş qardaşı Tofiq Zeynalovun vəzifəsindən azad edilməsidir. Bir çox ekspertlər bunu "Zeynalovlar imperiyasının süqutu” kimi dəyərləndirir. Qardaşının ardınca isə Ramiz Zeynalovun yola salınacağı da daxil olan informasiyalar arasındadır. Bununla bağlı Dosye.org-un özəl mənbələrdən əldə etdiyi digər məlumatda isə Zeynalovun istefaya göndəriləcəyindən sonra bu posta göz dikən məmurun kimliyinə aydınlıq gəlib.
Bu şəxs Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış İdarəsinin rəisi, BDYPİ-nin rəis müavini Mübariz Şahbazovdur. Bununla bağlı sonrakı yazılarımızda daha geniş bəhs edəcəyik, hələlik isə BDYPİ-də yaşanan başqa bir olaya diqqət kəsilək. Hazırda BDYPİ-də qazanmaq mümkün olan bütün işlərə diqqət birə beş artıb, bu isə yol üstündə olan Ramiz Zeynalovun təqaüdə çıxana qədər daha çox qazanmaq istəyilə izah olunur.
Belə ki, hazırda idarədə xalq arasında "zerkalnı nömrələr” adıyla məşhur olan avtomobillər üçün verilən dövlət qeydiyyat nişanları kütləvi və nisbətən ucuz qiymətə satışa çıxarılıb. Heç kimə sirr deyil ki, "zerkalnı nömrələr” həmişə müəyyən olunmuş dövlət rüsumundan qat-qat baha qiymətə təklif olunub və satılıb. Həmin nömrələrin elələri var ki, onların satışı fantastik məbləğlərlə ifadə olunub. İndi isə belə demək mümkündürsə, BDYPİ-də "zerkalnı nömrə” satışında qeyri-rəsmi endirim tətbiq olunub. Yuxarıda da qeyd etdiyimiz kimi Ramiz Zeynalov gethagetdə bütün pula gedən nömrələri açıq satışa çıxarıb.
İş o yerə çatıb ki, hətta istədiyin nömrəni idarədən ala bilməyəndə idarənin qapısı ağzında meydan sulayan makler serjantlar problemin həllinə öz yardımlarını təklif edirlər. Hətta onlar hazırda satışa çıxarılmayan avtomobil qeydiyyat nömrələrini də təşkil edə bilmək qüdrətindədirlər. Onlara isə bu "güc və qüdrəti” verən BDYPİ-nin yol üstündə olan rəisi Ramiz Zeynalovdur. İndi onun əsas qayğısı bacardıqca daha çox "zerkalnı nömrə” satmaq və zəngin təqaüdçü həyatına hazırlaşmaqdır.
Dosye.org