O siyasətçilərə qarşı sərt tədbirlər görülməlidir - Musa Qasımlı

"Ermənistan baş nazirinin həyat yoldaşının Rusiya vətəndaşlarının, xüsusilə Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova və digərlərinin iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə təşkil etdiyi səfər erməni lobbisinin Azərbaycan-Rusiya arasındakı qarşılıqlı münasibətləri pozmaq üçün hesablanmış səhnələrdən biridir".
Bu sözləri Publika.az-a millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, təəssüf ki, Rusiyalı siyasətçilərin bir qismi öz ölkələrinin maraqlarını heçə sayaraq bu kimi axmaq addımlara əl atırlar:
"Ermənistanın, erməni lobbisi və diasporasının Azərbaycan-Rusiya münasibətlərini pozmaq üçün yorulmadan səylər etdikləri məlumdur. Burada təəccüblü heç nə yoxdur. Hətta bəzi xarici ölkələr də öz geosiyasi maraqları baxımından Azərbaycan-Rusiya münasibətlərini pozmaq üçün dezinformasiyalar yayırlar. Mən buna təbii baxıram. Ancaq qeyri-təbii olan məqamlar var. Belə ki, təəccüb doğuran odur ki, Rusiyada bəzi siyasətçilər Rusiya Federasiyasının maraqlarını ayaq altına ataraq Azərbaycan və Rusiya arasında mövcud olan münasibətləri korlamaq üçün axmaq hərəkətlər edirlər. Belə şəxslərin fəaliyyətinə qarşı rus xalqı və xüsusilə də Rusiya hakimiyyətinin müvafiq qanadları sərt tədbirlər görməlidir. Onlar tarixin zibilliyinə atılmalıdırlar".