Milli Məclisin 31.10.2017-ci il tarixli iclasında Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklərin qəbul edilməsindən sonra bəzi millət vəkillərimiz bu dəyişikliklərin əleyhinə fikirlər səsləndiriblər.
Onlar nümayəndəlik institutunu hüquq sisteminin ən əsas fiquru kimi qələmə verərək, nümayəndəlik fəaliyyətinin məhdudlaşdırılmasının hüquq sistemini iflic edəcəyi barədə fikirlər irəli sürürlər. Hətta nümayəndəliklə məşğul olan hüquqşünaslar qrupunun “ac” qalacağını belə bildirməkdən çəkinmirlər və həll yolu kimi bir çox təkliflər irəli sürürlər. Bunlardan biri də nümayəndəlik fəaliyyətinin lisenziyalaşdırılmasıdır.
Ölkənin fəal vəkillərindən biri olaraq mövcud reallığa adekvat olmayan bu yanaşmalara səssiz qala bilmirəm. Belə ki, hüquqi yardımın ən əsas fiquru vəkillik institutudur və bu dəyişikliklər qüvvəyə mindikdən sonra vəkillik institutu sıçrayışla inkişaf edəcəkdir. Belə ki, nümayəndəliklə məşğul olan savadlı hüquqşünaslar Vəkillər Kollegiyasına üzv olacaq və qeyri-peşəkarlar isə bu fəaliyyətdən kənarda qalacaqlar. Bununla da həm hüquqi yardımın keyfiyyəti artacaq, həm də vəkillərin sayı artacağından Avropa Şurasının tələbi də yerinə yetirilmiş olacaq. Savadlı hüquqşünaslar Vəkillər Kollegiyasına üzv olmaqla öz fəaliyyətlərini davam etdirəcək, digər hüquqşünaslar isə özlərini inkişaf etdirib vəkil statusuna sahib olmağa çalışacaqlar. Beləliklə də, işsizlər ordusu yaranmayacaq, əksinə, hüquqi yardımın keyfiyyəti artacaq.
Hörmətli deputatlarımız tərəfindən verilən təkliflə bağlı bildirirəm ki, “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.10.1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə “pullu hüquqi xidmətlər” lisenziyalaşdırılmış fəaliyyətlər siyahısına daxil edilib. Lakin sahibkarlığa nəzarəti azaltmaq məqsədilə Ümummilli lider Heydər Əliyev 02.09.2002-ci il tarixli, 782 nömrəli fərmanı ilə pullu hüquqi xidmətləri lisenziyalaşdırılmış fəaliyyətlər sırasından çıxarıb. Məgər çox hörmətli deputatlarımız bu fərmanlar barədə xəbərdar deyillər?! Təəssüf hissi ilə bildirirəm ki, bəzi millət vəkillərimiz inkişafın əleyhinə çıxaraq keçmişə qayıtmağa çalışırlar!
Bundan başqa, hörmətli millət vəkillərimiz öz fikirlərini əsaslandırarkən bildirirlər ki, dəyişikliklər qüvvəyə mindikdən sonra əhalinin hüquqi yardıma çatımlılığında ciddi azalma müşahidə olunacaq. Əgər doğrudan da həmin deputatları narahat edən məsələ məhz bu idisə, onda nəyə görə bu günə kimi əhalinin hüquqi yardıma çatımlılığını artırmaq üçün heç bir iş görməyiblər?! Halbuki çox hörmətli vəkillərimizdən olan Anar Bağırovun rəhbərliyi altında 2012-2013-cü il tarixlərdə "Ödənişsiz hüquqi yardım haqqında" qanun layihəsinin konsepsiyası hazırlanmışdı və Milli Məclis də bundan xəbərdar idi. Hətta həmin dövrdə sosial mediada da geniş müzakirə olunmuşdu. Hal-hazırda canfəşanlıqla əhalinin hüquqi yardımına çatımlılığının qeydinə qalan millət vəkillərimiz nəyə görə həmin qanun layihəsi konsepsiyasının qəbul olunması üçün öz səylərini göstərmədilər?! Vəkillər Kollegiyasının qanunvericilik təşəbbüsü hüququ olmadığı halda, deputatlarımızın belə bir hüququ mövcuddur. Halbuki həmin qanun layihəsi qəbul olunsaydı, bu gün hörmətli deputatlarımızın səsləndirdikləri problemlər mövcud olmayacaqdı.
Xüsusilə qeyd edilməlidir ki, hörmətli deputatlarımız statistik məlumatlara əsaslanaraq, məhkəmələrdəki işlərin və vəkillərin sayına diqqət yönəldərək bildirirlər ki, vəkillərin sayı dəfələrlə az olduğundan praktikada ciddi problemlər yaranacaq. Amma unudulan məsələ ondan ibarətdir ki, bu gün vəkillərin sayının az olmasına və hüquqi yardımın keyfiyyətinin aşağı olmasına səbəb nümayəndəlik institutudur. Yalnız bu institutun fəaliyyətinin məhdudlaşdırılmasından sonra vəkillik institutu inkişaf edəcəkdir.
Bu baxımdan, qanunvericiliyə edilmiş bu dəyişikliklər inkişafyönümlü, ədalətli, vəkilliyin nüfuzunu artıran və hüquqi yardımın keyfiyyətini yüksəldən hesab olunmalıdır. Mövcud dəyişikliklər praktikada hər hansı ciddi problem yaratmayacaq.