“ƏN UĞURLU ƏMƏLİYYATLAR CASUSLARIN İFŞASIDIR…” – “Bunlar Mahmudov komandasının üzvləridir”

“Bütün dünyada belədir ki, ən uğurlu əməliyyat casusların ifşasıdır, yəni vətənə xəyanət edənlərin. Bu çox uzun çəkən bir prosesdir. Birdən-birə olmur. Bunun detallarını öyrənmək, ona çıxmaq illər çəkir. Xüsusi xidmət orqanının işində ən ciddi uğur xarici ölkənin kəşfiyyatının buradakı casuslarının ifşasıdır. DTX-nin işini xüsusi dəyərləndirmək lazımdır”.

“AzPolitika.info”nun məlumatına görə, bunları sabiq MTN polkovniki İlham İsmayılDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici xüsusi xidmət orqanlarına çalışan vətən xainlərinin son ifşası əməliyyatını dəyərləndirərkən deyib. Sabiq xüsusi xidmət əməkdaşı bu barədə “musavat.com”a danışıb.

“Burada kimin zəhməti keçibsə, həmin əməliyyat işçilərinin hər birinə təşəkkür edirik. Belə şəxslərin necə ələ alınması müxtəlif yollarla həyata keçirilir. İfşa edilən bu şəxslər faktiki olaraq Eldar Mahmudov nazir postundan azad ediləndən 10 gün sonra işdən çıxarılıb. Bunlar köhnə, yəni Eldar Mahmudov komandasının üzvləridir”, – deyə, İ.İsmayıl fikrinə davam edib.

İ.İsmayıl bildirib ki, Eldar Mahmudovun bütün fəaliyyəti pul üstündə qurulduğundan xarici xüsusi xidmət orqanları belə əlverişli mühitdən istifadə etməyə başlayıblar. “Bir strukturda görəndə ki, filankəs rüşvət alır, çalışırlar ki, məsələləri elə rüşvətlə də həll etsinlər, qanunları pozsunlar. Yəni görəndə ki, ləğv edilmiş MTN-ə rəhbərlik etmiş Eldar Mahmudovun bütün fəaliyyəti pul istiqamətində qurulub, daha çox pula meyllidirlər, pulla hər şeyi həll edirlər, bütün məqsədləri casusların ifşasına deyil, kimlərdənsə pul qoparmağa yönəlib, o zaman işçilər arasından belələri ortaya çıxır.

Məlumat ötürməklə pullar əldə edirlər. Sizləri əmin edirəm ki, onlardan ən məxfi məlumatları pulla ələ keçirmək olardı. Ona görə xarici kəşfiyyat orqanları uyğun zaman seçir, görüş təşkil edirlər. Adətən belə görüşlər xarici ölkələrdə təşkil olunur. Həmin görüşlərdə belə şəxslərə deyirlər ki, sən milyonun sahibi olacaqsan. Elə-belə pul təklif olunmur. Xaricdə hesabının açılacağı və pulların ora köçürüləcəyi vədləri verilir. Bütün bunların müqabilində yüngül bir informasiya istədiklərini bildirirlər. Burada ciddi bir şeyin olmadığını söyləyirlər. Əvvəl kiçik informasiya ilə başlayırlar, ardınca bu fəaliyyət şişən istiqamətdə davam edir. Sonunda bu fəaliyyət vətənin mənafelərinin əldən getməsinə səbəb olur, xəyanətə çevrilir. Dövlətin sirlərini satmaq heç kəsə adi gələ bilməz. İndi iddialar var ki, bu agentlər daha çox İranla bağlıdırlar. Bunlar daha çox bağlı olduqları ölkələrin burada hansı maraqlarına toxunduqlarına diqqət yetirirlər. Sözsüz ki, bu xəyanəti pul müqabilində edirlər.

İdarəetmənin yaratdığı situasiyadan belələri maksimum yararlanıb. Bu, ilk belə hal deyil. Dünya tarixində çox belə hallar olub ki, ən ciddi, informasiyalı şəxsləri əldə etməyə çalışıblar. Fikir verirsinizsə, burada nə kontrol material var, nə də ifşaedici məlumat. Pul verməklə ən ciddi informasiyanı əldə etməyə çalışırlar. Bunlar Mahmudovun vaxtında nazirlikdəki idarəetmədən doğan hərəkətlər olub”.

dtx_esas_111

İ.İsmayıl hansı ölkənin bu şəxsləri ələ aldığı yöndə qənaətlərini də bölüşüb:“Azərbaycanda ən çox fəaliyyət göstərən qonşu ölkələrimiz olan Rusiya və İrandır. Başqa ölkələrin də maraqları olmamış deyil. Burada informasiya mənbələri olan ölkələr var. Amma Rusiya və İranla digər ölkələrin mənbələri müqayisəolunmayacaq dərəcədə azdır. İran və Rusiya üzərində şübhələrin yaranması əsassız deyil. Ola bilər ki, İranla bağlı hər hansı bir informasiya sızsın. Biləsiniz ki, İranın çox professional olan xüsusi xidmət orqanı var. Azərbaycan müstəqillik əldə edəndən bəri İran ölkəmizdə mənbələr əldə etmək üçün ciddi fəaliyyət göstərir. Bu, təkcə din xadimləri, dindarlarla bağlı deyil. Hamı elə bilir ki, İran gəncləri dini yola çəkməklə bu cür fəaliyyət aparır. Amma bu belə deyil. Bu, sadəcə, bir xətdir. Digər xətlər də var ki, onlardan biri də vəzifədə olanların, ciddi informasiya daşıyıcılarının ələ alınmasıdır. Bunu da həyata keçiriblər. İran və Rusiyanın casus şəbəkələri ifşa olunanda onların adları çəkilmir. Bu da istər-istəməz şübhələr yaradır. Münasibətləri korlamamaq üçün daha çox bu iki dövlətin adı çəkilmir. Elə bir dövlətlərarası əlaqələr var ki, ad çəkilərsə, bunun münasibətlərə ciddi zərbə vuracağı düşünülür. Şübhəsiz ki, Dövlət Təhlükəsizlik Xidmətinə hansı ölkənin olması bəllidir. Azərbaycanın apardığı xarici siyasətin nəticəsində o ad açıqlanmır. İran və ya Rusiya deyil, o ölkə Amerika olsaydı, ad açıqlanardı. ABŞ-ın da təbii ki, burada casusları var. Özü də kifayət qədərdir. Burada, sadəcə, İranın məsələsi daha qabarıqdır. Sızan informasiyalar onu deyir ki, bu şəxslər İrana işləyiblər. Fərqi yoxdur ki, bu şəxslər Rusiya, İran və ya hansısa bir ölkəyə işləyiblər. Əsas məsələ odur ki, bu adamlar dövlətə xəyanət ediblər. Bir şeyi də deyim ki, ola bilər, İranın birbaşa bu məsələdə əli olmasın. Çünki İran xüsusi xidmət orqanında belə bir qayda var: başqa ölkə üzərindən İran bunları edə bilər. Məsələn, bunu özü etmir, Gürcüstan xətti ilə edir. İstənilən ölkənin xətti ilə edə bilər. Özgə bayrağı altında ”verbovka” edirlər. Sənə lazım olan informasiyadır ki, onu da əldə edirsən. Belə hal olur ki, rəsmi şəkildə bir ölkənin adı olur, amma əslində işin arxasında başqa bir dövlət dayanır. Mənə elə gəlir ki, belə işlərdə bizə daim yardım edən İsrail xüsusi xidmət orqanının bu dəfə də bizə köməyi dəyib. Həbs edilən şəxsləri tanımıram. Mən xüsusi xidmət orqanlarında işlədiyim dövrdə bu adamlar üzdə olmayıblar. Görünür, o dövrdə gənc olublar, yaxud da onlarla işləməmişəm. DTX-nin məlumatında həmin şəxslərin nə zamandan casusluqla məşğul olduqları dolayısı ilə var. Hətta onlardan biri təşəbbüslə çıxış edib ki, fəaliyyətimi davam etdirə bilərəm, oradan çıxmağıma baxmayaraq. Bir də biləsiniz ki, agentura o demək deyil ki, bir şəxs işdən çıxdı, yaxud təqaüdə göndərildi, fəaliyyəti dayandı. Agent yerində qalır. Onu başqa istiqamətə yönəldirlər. O zaman agent fəaliyyəti dayanır ki, ya ölür, ya şikəst olur, ya da heç bir informasiya təqdim etmir”.

Sabiq MTN polkovniki bu şəxslərin Azərbaycan üçün təhlükəli ola biləcək informasiyaları bağlı olduqları yerə ötürə biləcəklərini istisna etmir: “Əlbəttə, təhlükəli məlumatları ötürə bilərlər. İnformasiya elədir ki, həmin ölkə onu bilə bilər. Amma bu şəxsi cəlb edir, ondan informasiyanı alır və onu özündən asılı vəziyyətə salır. Bir misal çəkim, agent keçmiş iş yoldaşı ilə görüşür və söhbət zamanı deyir ki, yenə o xətlə İrana və ya Rusiyaya yola salırsınızmı? Yaxud onlarla o xətlə yenə işləyirsiniz? Bank əməliyyatlarını necə keçirirsiniz? Sərhəd əməliyyatlarını necə keçirirsiniz? Həmin yollamı əməliyyatlar aparılır? Bircə dəfə əks tərəf qarşıdakına inanıb həmin xətlə işlərin davam etdiyini, yaxud başqa bir xətlə getdiyini desə, bu, artıq informasiyadır. Buna uyğun olaraq agent fəaliyyətini həyata keçirir. Agent bəzən on dəfə cəhd edib bir informasiyanı alır. Keçmiş iş yoldaşı ilə bir dəfə çay içir, ikinci dəfə yemək yeyir, üçüncü dəfə araq içir və bu zaman özünə aid olan informasiyaları haradasa əldə edə bilir.

Bu cür əməliyyatların davamlı olacağını düşünürəm. Belə şeylər hələ çox çıxacaq. Çünki Eldar Mahmudovun 11 il üç aylıq fəaliyyətinə dözməklə böyük bir zərbə almışıq. Bunlar hələ böyükləridir, xırdaları da çıxacaq. Qarşı tərəf dayanmayacaq, fəaliyyətini davam etdirəcək. Əminəm ki, hazırda çalışan şəxslərdən belələri çıxmayacaq, yenə də Eldar Mahmudovun komandasından çıxacaqlar. Agentin hansı vəzifəni tutması önəmli deyil. O adam ölkənin ən məxfi idarəsində oturub, ən məxfi informasiyalara sahib olan adamdır. Konkret olaraq həmin şəxsdən informasiya istəyiblər. İnformasiyaya sahib olan adamları ”verbovka” etmirlər. Bu, birbaşa dövlət cinayətidir. Onların törətdikləri əməllərin Azərbaycan dövlətinə nə dərəcədə zərər vurduğu hesablanacaq. Buna uyğun da cəzalar veriləcək. Hər halda, yüksək cəzalar alacaqlar”.

dtx

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici xüsusi xidmət orqanlarına çalışan vətən xainlərinin ifşasına dair məlumat yayıb.

Məlumatda bildirilir ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm olaraq xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Z.İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Z.İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

DTX-nin məlumatında o da qeyd olunur ki, 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlu təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib. Onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb. B.Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub.

B.Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib. B.Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Maraqlıdır ki, DTX-nın bu məlumatı yaymasından bir neçə saat əvvəl Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayevin həbs edildiyi haqda da xəbər verilib. Bu barədə KİV-lərdə yayılmış məlumatda bildirilirdi ki, Ədalət Əsədullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan qapalı prosesdə Ədalət Əsədullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ədalət Əsədullayev Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra sərəncama götürülüb.

Ehtimal var ki, DTX-nın rəsmi açıqlamasında adı keşməsə də, general Ədalət Əsədullayevin də cacusluq işinə aiddiyatı ola bilər.