Ötən ilin əvvəlində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayev ölüm aclığına başlayıb.
BAKU.WS xəbər verir ki, bu haqda məlumat müsavat.com-a daxil olub.
Məlumatda bildirilir ki, Hüseyn Abdullayev beynəlxalq təşkilatlardan Azərbaycan hökümətinə daxil olan sorğulara doğru olmayan cavabların verilmədiyini iddia edir və buna etiraz olaraq aclıq aksiyası keçirir.
Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov təmsil etdiyi quruma belə bir məlumat daxil olmadığını bildirib.
Hüseyn Abdullayevin vəkili Ruhid Əkbərov müvəkkilinin aclıq elan etməsi ilə bağlı sualı “mən məlumat verə bilməyəcəyəm” deyə cavablandırıb.
Bu arada Hüseyn Abdullayevlə Azərbaycanda vəzifədə olan məmur və deputatlarla bağlı araşdırma aparılması haqda da xəbərlər səngimir. Hüseyn Abdullayev həbs ediləndən sonra belə xəbərlər yayılmışdı ki, o, Azərbaycandan mühacirət edəndən sonra ən müxtəlif adlarla onun yanına gedib-gələn vəzifə sahibləri, onların yaxınları, hətta övladları olub. Onların vaxtilə əmlak alqı-satqısı üzərindən münasibətlərinin yarandığı, hətta parlamentdəki məlum davadan sonra həmin deputatın Hüseyn Abdullayevi dolayısı ilə müdafiə edən çıxış etdiyi haqda da məlumatlar vardı.
Hüseyn Abdullayev Azərbaycanda bundan əvvəl də həbsdə olmuşdu. Deputat Fəzail Ağamalı ilə parlamentdə əlbəyaxa davasına görə tutulan Hüseyn Abdullayev bir müddət cəza çəkdikdən sonra azadlığa buraxılmışdı. Hazırda gerçəkləşdirilən istintaq çərçivəsində həmin vaxt baş verənlərin də daha detallı şəkildə araşdırılması xəbəri var. Mümkündür ki, o dövrdə parlamentdə Hüseyn Abdullayevi müdafiə etmiş deputatlar da məhşər ayağına çəkilsinlər.
Hüseyn Abdullayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Ötənlərdə onun vəkili Ruhid Əkbərov “Yeni Müsavat”a açıqlamalarında demişdi ki, müvəkkilinin şikayəti yoxdur. Sabiq deputatın qanunvericiliyə uyğun olaraq bütün hüquqları qorunur, vəkili Hüseyn Abdullayevlə mütəmadi olaraq görüşür.
Qeyd edək ki, Hüseyn Abdullayev aprelin 22-də Türkiyədə yaxalanaraq Azərbaycana gətirilib. Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri onun həbsi ilə bağlı birgə məlumat yayıb. Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. 3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevin ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılmışdır. Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.