Azərbaycanda 25 yaşlı oğlan öldürülüb, meyit hissələrə bölünərək üç rayonda basdırılıb.
AzBaku.org “Report”a istinadla verdiyi xəbərə görə, qətl hadisəsi Masallı rayonunda baş verib.
Məlumata görə, 2018-ci ilin dekabr ayında Cəlilabad rayonu, Göytəpə şəhərində R.Kazımovun yaşadığı mənzildən televizor və oyun aparatı oğurlanıb. Hadisəni törətmiş Teymur Məmmədov və Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Əli Ələkbərli tutulub, onun həmyerlisi Sahib Mahmudov isə müəyyən edilib.
Bir müddət sonra – bu ilin yanvar ayının 28-də S.Mahmudovun yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildirib. O, həmin gündən itkin düşmüş şəxs kimi axtarışa verilib.
Bu il martın 28-də Ə.Ələkbərlidən narkotik maddə götürülüb və o, tutulub. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində Ə.Ələkbərlinin yanvarın 25-də Masallı rayonunda yerləşən “ADU Piramida” istirahət mərkəzində S.Mahmudovu bıçaqla qətlə yetirdiyi məlum olub. Məlum olub ki Ə.Ələkbərli meyiti Altay Ağamalızadə adlı tanışının köməkliyi ilə avtomobilə qoyaraq Neftçala rayonuna aparıb. Orada meyit yandırılıb.
Meyitin tam yanmadığını görən Ə.Ələkbərli və A.Ağamalızadə cəsədi avtomobillə İmişli rayonuna aparıb. İmişli rayonunda meyit balta ilə hissələrə bölünüb. Həmin şəxslər meyitin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonlarının ərazilərində basdırıb. Hazırda A.Ağamalızadə və Ə.Ələkbərli saxlanılıb, onlara qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.