DİN-in əməliyyat keçirdiyi “Ledi Şarm” iş başında: Aybəniz Musayeva Ərdoğana güvənir?

Bazara saxta etiketlərlə mal çıxardığına görə hüquq-mühafizə orqanları tərəfindən məsul şəxsləri həbs edilən “Ledi Şarm” mağazalar şəbəkəsi təzədən fəaliyyətini davam etdirir.

Reportyor.info-nun əməkdaşı mağazalar şəbəkəsinin şəhərin mərkəzində və o cümlədən müxtəlif ərazilərdə obyektlərinin iş başında olduğunu görüb.

Müxbirimiz mağazaların Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatdan sonra necə fəaliyyət göstərməsi ilə maraqlanıb. Məlum olub ki, “Ledi Şarm”a “gözün üstə qaşın var” deyilmir.

Nazirlikdən də rəsmi açıqlama verilməyib və aydınlıq gətirilməyib ki, şirkət işini hansı əsasla bərpa edib.

4 nümayəndəsinin həbsindən sonra gözlənilirdi ki, mağazalar şəbəkəsi işini dayandırmalı olacaq. Lakin saxta mallarla istehlakçı hüquqlarını pozan, əhalini aldadan şirkət öz mallarını satmağa davam edir.

Araşdırma apararkən gördük ki, mağazalara tək-tük də olsa müştəri gəlir. Ancaq onlar “Ledi Şarm”ın insanları necə aldatmasından deyəsən xəbərsizdirlər.

Satıcılar isə deyirlər ki, guya saxta mal satışı yoxdur. Onda belə çıxır ki, hüquq-mühafizə orqanlarını yalançılıqda ittiham edirlər.

Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu mağazalarda yoxlamalar aparılmalı, hazırda “Ledi Şarm”ın satdığı malların saxta olub-olmadığı təftiş edilməlidir.

Amma xalqı illərdir ki, aldadan şirkətin heç nə olmamış kimi fəaliyyətini davam etdirməsi istehlakçıların müvafiq qurumlara olan inamını sarsıdır.

İddialara görə, “Ledi Şarm” mağazalar şəbəkəsinin sahibi olduğu deyilən Aybəniz Musayevadır. A.Musayeva özünü sığortalamaq və qorumaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sığınıb.



Daha doğrusu, saxta mallar satan firmanın xanım rəhbəri özünü sosial şəbəkədə Ərdoğanla reklam etməklə, ona yaxın biri olduğunu göstərməklə düşdüyü vəziyyətdən çıxmağa çalışır.

A.Musayeva facebook hesabına profil fotosuna Ərdoğanla olan şəklini yerləşdirib və bununla mesaj verməklə hansısa güclərə güvəndiyini deməyə cəhd göstərib.
DİN-in əməliyyat keçirdiyi “Ledi Şarm” iş başında: Aybəniz Musayeva Ərdoğana güvənir?

Onun profilində AKP millət vəkilləri ilə şəkillərinə, müxtəlif tədbirlərdə iştirakına rast gəlmək olar.

Belə görünür ki, Aybəniz Musayevanı qoruyan “sehirli əllər” var və onlar “Ledi Şarm”ın saxta mallar satmağa davam etməsinə razılıq verirlər.

Amma istehlakçıların bu mağazalar şəbəkəsinə inamı tam itib, dükanlara müştəri əvvəlki qədər getmir, satıcılar alıcı sarıdan korluq çəkirlər.

Bundan əlavə mağazanın rəsmi “instagram” səhifəsində də fotolar paylaşılır və insanlar mağazalara dəvət olunur.

Onların saxta mal satdığını yazan istifadəçilər isə blok olunur. Eyni zamanda səhifə idarəçilərin malların saxta olmadığını bildirib.

Belə olan halda maraqlı sual ortaya çıxır: Əgər mağazanın rəhbərləri həbs olunubsa, saxta mal satdıqları təsdiqlənibsə, mağazalar niyə bağlanmır?

O deməkdir ki, şirkətin mağazalarında saxta məhsullar satılmasına davam edir, fırıldağa son qoyulmayıb, açıq-aşkar ölkədə qanunsuzluqdur və buna göz yumulur. Çünki firma Çin mallarını brend məhsullar kimi sırıyır.

Hətta bu günlərdə qafqazinfo-nun əməkdaşları adıçəkilən mağazanın bir neçə filialına baş çəkiblər. Məlum olub ki, mağazalar fəaliyyətlərini hələ də davam etdirirlər.

“Lady Sharm”ın əməkdaşları isə DİN-in rəsmi məlumatını təkzib etməkdən çəkinməyiblər və yayılan xəbəri “şayiə” adlandırıblar.

Maraqlıdır, görəsən, rəhbər şəxsləri həbs edilən, bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındıran mağaza daha nə zamanadək müştəriləri aldatmağa davam edəcək?

Daxili İşlər Nazirliyinin rəsmi məlumatında isə deyilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkar edilməsi istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçirilib. Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib.

Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib.

Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub.

Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində “Lady Sharm”ın “qara” mühasibatlığın aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb.

Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

“Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
DİN-in əməliyyat keçirdiyi “Ledi Şarm” iş başında: Aybəniz Musayeva Ərdoğana güvənir?
DİN-in əməliyyat keçirdiyi “Ledi Şarm” iş başında: Aybəniz Musayeva Ərdoğana güvənir?