"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyi 01.05.2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən "Qadın və qızların gender əsaslı zorakılığa məruz qalmaması üçün preventiv tədbirlərin görülməsi məqsədilə maarifləndirmənin təşkili" adlı layihəyə start verib.
Metbuat.az xəbər verir ki, layihə qadın və qızlara (onların uşaqlarına) qarşı zorakılıq baş vermədən öncə preventiv tədbirlərin görüləsi ilə bağlıdır.
Layihə rəhbəri Nailə İsmayılovanın verdiyi məlumata görə, laeventiv tədbirlərin, əsasən zorakılığın ilk işarələriylə bağlı fəaliyyətlərin görülməsinə və ya zorakılığın təkrarlanmasının qarşısını almaq üçün müdaxilə tədbirlərindən bəhs edir.
Verilən məlumata görə, ölkə başçısı tərəfindən 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun”un qəbul olunması barədə sərəncamın imzalanmasına baxmayaraq, regionlarımızda gender əsaslı zorakılıq halları baş verir. Bu da əhali arasında maarifləndirmə işinin kifayət qədər güclü olmaması ilə yanaşı, həssas qrupa aid qadın və qızları adıçəkilən problem haqqında daha az məlumatlı olmasından irəli gəlir. Gündəlik mətbuat və sosial şəbəkələrdən aldığımız məlumatlar bizi belə bir qənaətə gətirir ki, həqiqətən də yaşadığımız cəmiyyədə qadın və qızlara qarşı gender əsaslı zorakılıq halları hələ də davam etməkdədir. Məhz bunları nəzərə alaraq həyata keçiriləcək layihə qadın və qızlara qarşı zorakılıq hallarında cavab tədbiri xarakterini daşıyan alətlər, xüsusilə, zorakılıq qurbanlarına və ya zorakılıqdan xilas olanlara yönələn maarifləndirmə işləri görüləcəkdir. Maarifləndirmə zorakılığa məruz qalmış qadınların öz hüquqları bilməsi və tələb etməsi, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, həmçinin zorakılığın təkrarlanmasının qarşısının alınması və bəzi hallarda, zorakılıqla bağlı davranış və stereotiplərin dəyişilməsi üçün cəmiyyətin və ya əhalinin xüsusi təbəqələri ilə işin aparılması baxımından mütləq xarakter daşıyacaq.
Layihənin məqsədi qadın və qızlara (onların uşaqlarına) qarşı zorakılıq baş vermədən öncə preventiv tədbirlərinin xüsusən zorakılığın ilk işarələri ilə bağlı tədbirlərin görülməsi və ya zorakılığın təkrarlanmasının qarşısını almaq üçün müdaxilə tədbirlərinin təşviqinə nail olmaq məqsədilə maarifləndirmə işini təşkil etməkdən ibarətdir.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində əhali arasında anonimlik qorunmaqla şifahi sorğu keçiriləcək, müvafiq icra hakimiyyəti orqanlarından toplanacaq statistik məlumatların nəticələrinə əsasən seminar, dəyirmi masa, fərdi görüşlər təşkil olunacaq. Daha sonra layihə regionları əhatə etdiyindən (Mingəçevir, Şəmkirin qəsəbə və kəndləri) ARB Aran televiziya kanalında layihənin mövzusu üzrə müvafiq verilişdə problemin müzakirəsi (layihə rəhbəri,ekspert və müvafiq yerli icra orqanlarından olan nümayəndələrin iştirakı ilə) keçiriləcək.
Layihənin icrasıyla bağlı KİV-lər, sosial media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə məlumatlar veriləcək. Bunlarla bərabər layihə çərçivəsində çap olunmiş (kitabçalar, bukletlər)layihə iştirakçıları və əhali arasında pulsuz paylanacaq.