Vergidən yayınan su artezianları kimlərə xidmət edir?
"Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu ilin yanvar ayının 1-ə qədər 243 milyon manatdan çox edib.
ASC-nin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2% çoxdur.
Qlobal.az-ın əldə etdiyi məlumata görə "Azərsu” ASC-nin borclarının artmasına səbəb köhnə su-kanalizasiya xətlərində qəzaların ildən-ilə artmasıdırsa, digər səbəbi bu qəzaların aradan başdangetdi qaldırılmasıdır. Məhz bu səbəbə, ciddi mühəndis-kommunikasiya sistemlərinin qurulmamasına görə eyni ərazidə qəzaların ard-arda baş verməsinin şahidi oluruq.
Maddi-texniki bazasının möhkəmləndirilməsi üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılan "Azərsu" ASC baş vermiş ən kiçik qəzaları aradan qaldırmağa saatlarla, bəzən isə günlərlə zaman sərf edir.
Misal olaraq bir neçə gün bundan öncə paytaxt ətrafı qəsəbələrdə baş vermiş qəzanı göstərə bilərik. Azərsu ASC bu qəzanı aradan qaldırılması 3-4 gün çəkdi.
Məlumata görə, paytaxtın su sistemində yaranan bu cür qəzalar "Azərsu" rəhbərliyinə sərf edir. Belə ki, qəzaların aradan qaldırılması üçün büdcədən əlavə vəsaitlər ayrılır.
Şişirdilmiş bu vəsaitlərin kiçik hissəsi qəzaların həllinə, böyük hissəsi isə rəhbər şəxslərin cibinə gedir.
Digər məlumatda isə şəhərətrafı qəsəbələrin su sistemində yaranan bu cür problemlər "Azərsu" rəhbərliyinə əlavə qazanc gətirir. Mənzillərinə günlərlə su gəlməyən şəxslər məcbur qalıb su satan maşınlarda 25-50 manata su alırlar.
İddiaya görə, paytaxtın beş qəsəbəsində - Nardaran, Digah, Biləcəri, Xocasən və Fatmayı-sovxoz qəsəbələrində fəaliyyət göstərən su artezianlarında qara bazar fəaliyyət göstərir.
Vergi sistemindən gizli fəaliyyət göstərən bu bazarda maşınlara suyun bir kubu 1 manata satılır. Hər ay bu artezianlardan ümumilikdə 200 min manata qədər vəsait toplanır. Yığılan vəsaitdən isə heç bir vergi ödənilmir.
Məlumata görə, bu pulların hamısı "Azərsu" rəhbərliyində təmsil olunan şəxslərə çatır.
Məlumatda həmçinin o da qeyd edilir ki, yay aylarında əsasən kasıb kontingentin yaşadığı qəsəbələr su formalnı (həftədə 1 saat olmaqla iki dəfə) verilir. Belə ki, supaylayıcı şəbəkələrdə operatorlar rəhbərliyin tapşırığı ilə suyu ilk olaraq imkanlı insanların yaşadıqları qəsəbələrə verirlər. İmkanlı şəxslərin yaşadıqları villalarda hovuzların, basseynlərın su ilə doldurulması isə saatlarla, bəzən isə günlərlə vaxt aparır. Bundan sonra kasıb insanların yaşadıqları qəsəbələrə sayğac yazsın deyə su verilir.
"Azərsu" ASC hesabatdakı rəqəmlər və yayılan iddialarla bağlı sorğuya cavab verməyib.