Xalq artisti Afaq Bəşirqızı bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV Konfransını boykot edərək zalı tərk edib.
Oxu.Az xəbər verir ki, Xalq artisti konfransda özünü görmədiyini bildirib:
“Prezident İlham Əliyev dünən çıxışında 70-dən yaşı olan çox olan məmurlara Hacıbala Abutalıbovdan nümunə götürməyi məsləhət gördü. Azərpaşa Nemət Hacıbala Abutalıbovdan nümunə götürsün.
Azərbaycan Teatr Xadimləri İttifaqının nəyə xidmət etdiyi belə bilinmir. Hamı Xalq artisti deyil. Hamının xalası, bibisi yoxdur. Hamının əli qırmızı telefona çatmır. Ona görə aktyorların sosial vəziyyəti həddindən artıq pis idi. Allah can sağlığı versin, Cənab Prezident onların aylıq əməkhaqlarını artırdı.
Ondan sonra da iki dəfə əməkhaqqı artıb. Lakin əməkhaqqı ilə həmin sosial problemləri həll etmək mümkün deyil. Teatr Xadimləri İttifaqı bu insanların qayğısına qalmalıdır. “Kreslo”nu məşğul etməməlidir. Bu ittifaq aktyorların ev problemindən tutmuş, bütün sosial problemini həll etməlidir.
Mən Prezidentə müraciət etmişəm. Sözlərimin heç birində yalan yoxdur. Mən prezidentimin reaksiyasını gözləyirəm.
Teatr Xadimləri İttifaqının sədri Prezidenti görəndə dirəyin arxasında gizlənməməlidir. İttifaqın sədri ona yaxınlaşıb dərdini, işçisinin problemini deməlidir”.
Azərpaşa Nemət isə jurnalistlərə açıqlamasında Xalq artistinin onun haqqında dediyi fikirlərin önəmli olmadığını, səsləndirdiyi ittihamlara fikir vermədiyini qeyd edib.