“Cənab prezident İlham Əliyevin məni “Tərəqqi” medalı ilə təltif etməsi mənim üçün ikiqat bayram oldu”. Bu fikirləri SİA-ya açıqlamasında “XXI Əsrin Qadınları” İctimai Birliyinin rəhbəri Mahirə Əmirhüseynova deyib.
Mahirə Əmirhüseynova söyləyib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində ikiqat sevinc yaşayır: “Mükafatı aldığım gündən bəri sanki özümü həyata yenidən gəlmiş kimi hiss edirəm. Bu mənim üçün qürurvericidir. Kimlər bunu necə dəyərləndirir bilmirəm, lakin ölkə başçısının imzasının olduğu mükafata layiq görülmək doğurdan da mənim üçün hər şeydir”.
30 ilə yaxındır ki, ictimai fəaliyyətlə məşğul olduğunu söyləyən Mahirə Əmirhüseynova onu da bildirib ki, bu millət, dövlət, vətən üçün əlimdən gələni etməyə çalışmışam və heç bir şeyi əsirgəməmişəm: “İstər ölkə daxilində, istər beynəlxalq aləmdə xalqım, ölkəm üçün əlimdən gələni etmişəm. Mən eyni zamanda YAP-ın üzvüyəm, hər zaman prezidentimizin yanındayam. Ölkənin vitse-prezidenti Mehriban xanım Əliyeva qadın simvolu olaraq bizə bir örnəkdir. Bu mükafatdan sonra bir QHT olaraq, təşkilat rəhbəri kimi üzərimizə ikiqat məsuliyyət düşür. İşimizdə daha səmərəli və daha məsuliyyətli olmalıyıq. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində bu həm də işimizin keyfiyyətini və peşəkarlığını daha da inkişaf etdirmək üçün əlavə bir stimul oldu.
Bu mükafatı almaq mənim üçün sürpriz oldu. Özümü işimin fədaisi sayıram. Dünəndən mən mükafat almağımla bağlı xəbəri sosial şəbəkədə paylaşmışam və yüzlərlə insan sevincimə ortaq olub, məni təbrik edib. Mənimlə bərabər dəstək olduğumuz, bizi sevən insanlar da sanki mükafat almış kimi olublar”.
Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif edilib. Onların arasında “XXI Əsrin Qadınları” İctimai Birliyinin rəhbəri Mahirə Əmirhüseynova da var.