Saçlarında Üzeyir bəyin əllərinin sığalını yaşadan Südabə xanımla illər öncəsinin ağrılı söhbəti
Bu yazını çoxdan yazmalıydım. Axı, otuz ilə yaxındır tanıyırıq bir-birimizi. Sonbeşik qızı İradəylə ADU-nun (BDU-nun) jurnalistika fakültəsində bir yerdə oxumuşuq, I kursdan bacı kimi yaxın olmuşuq. Tələbə yoldaşlığından əlavə, qarabağlı olmağımız birləşdirmişdi bizi. Südabə xanım mənə qızı kimi, yoldaşıma kürəkəni kimi baxıb.
Gözəl Südabə xanımı həyat dəfələrlə mat qoyub. 14 yaşı olmamış Şuşadan gəlin köçüb Bakıya. 15 yaşında ana olub. Nübarı Faiqə dünyaya göz açanda 1941-ci il idi. İkinci Dünya müharibəsi gedirdi. Ərini orduya çağırırlar. Gedir və bir daha geri qayıtmır. Qaynata-qaynanası yaxşı adamlar imişlər. Gəlinə şərait yaradırlar ki, yarımçıq qalmış orta təhsilini başa vursun. Sonra universitet təhsili alır. Bəxtiyar Vahabzadəylə, Səməd Vurğunun həyat yoldaşı Xavər xanımla, Süleyman Rüstəmin həyat yoldaşı Sayad xanımla bir qrupda oxuyur. Universitetdə çoxları Südabə xanımı qız uşağı bilib eşq elan edir, arxasıyca düşürlər. Uşaqla ailə qurmağı ağlına gətirməyən Südabəni Böyükkişi adlı gəncin də gözü tutur. Həmin Böyükkişi Əliyev ki, sonralar ticarət üzrə müxtəlif vəzifələrdə – Mərkəzi Komitədə, Nazirlər Sovetində şöbə müdiri, Bakı şəhər ticarət idarəsinin rəisi və s. çalışıb.
– Ailəli olmuşam, bir qızım da var, – Südabə xanım özündən uzaqlaşdırmaq istəyib cavan oğlanı.
– Hər şeyi bilirəm. Sənin qızın elə mənim qızımdır, – Böyükkişi cavab verir.
İkinci dəfə ailə həyatı qurur. Kəmalə və Bəsirə adlı iki qızları olur. Xoşbəxt ömür sürürlər. Doğrudan da, öz qızlarından ayırmır Faiqəni. Oxudur, gəlin köçürür (amma Faiqə yarımır. Əri Talıbxan müəllim çox erkən köçür həyatdan. Faiqə üç körpəsini özü böyütməli olur). Bəsirənin 10 yaşı olanda daha bir qızları gəlir dünyaya. İradə adlandırdıqları bu qız evin sonbeşiyi olur. Ömrün xoşbəxt günləri uzun çəkmir. İradənin 10 yaşı olanda atalarının qəfil ölümü sarsıdır hamını.
Südabə xanım universiteti bitirdikdən sonra Mədəni Maarif Komitəsinin mühazirə bürosunda işləyir. Sonra universitetdə işə girir. Jurnalistika fakültəsində qiyabi şöbədə məsləhət məntəqə müdiri olur. 40 ilə yaxın çalışır bu fakültədə. Bu illərdə əlindən gələni umandan əsirgəməyən xeyirxah bir insan kimi yaşayır ürəklərdə. Amma bu uzun illərdə onun “şinel”indən çıxan jurnalistlərin də heç birinin yadına düşməyib Südabə xanım. Təkcə hazırda fakültənin dosenti olan Mahmud Mahmudovdan başqa. Mahmud müəllimin “Azərbaycan qadını”nda dərc etdirdiyi “Ömrün illəri” yazısını ən əziz yadigar kimi, ən qiymətli bəxşiş kimi qoruyub saxlayır.
Ömrünün 80 iliylə ötən il vidalaşan Südabə xanım indi pensiyadadır. Xeyli vaxtdır nə görüşür, nə zəngləşirdik. Novruz bayramında zəng vurdum. Etibarsızlıqda qınadı məni. Haqlıydı. “Qızım” deyirdi axı mənə. Apreldə görüşdüm. Südabə xanım üçün ən dəhşətlisi ömrün qürubunda Şuşa həsrəti, Şuşasızlığıdır.
– Atışma başlayanda Şüşükənddən atılan ilk bomba bizim evə düşdü… İldə neçə dəfə getdiyimi deyə bilmərəm, amma yay tətili başlayandan sentyabradək Şuşada olardım. İndi düz 15 ildir… Şuşa həsrəti bizim nəsli vaxtsız qocaltdı, vaxtsız apardı.
Bu məqamlarda göz yaşları yanaqlarına yox, ürəyinə axırdı. İniltili ahlarla ürəyində fəryad edirdi. İfadəli baxışlarından, qüssəli gözlərindən aydın oxunur bu dərd. Qarabağlı xüsusiyyətlərindən əbədiləşmiş bir əlaməti də var – şirindillik. Şuşalı təbiətini səciyyələndirən bir xüsusiyyət – doğma şəhərin hər daşına, hər çiçəyinə dərin məhəbbət. Əlçatmayan keçmiş, geri qayıtmayan günlər, Qarabağın ürəyi, şah damarı Şuşa ürəyinin ən dərin guşəsində, göz yaddaşındadır.
Üzeyir bəylə bir dam altda yaşadıqları unudulmaz günlərdən əvvəllər də danışardı tez-tez. Amma illər sonra həmin söhbətlər başqa ovqatlar gətirdi mənə.
Budur, bütün zamanların dahisi olan Üzeyir bəylə yaxın olan bir xanımla həmsöhbətəm. Elə danışır, sanıram mən də o zamanın içindəyəm. Və Üzeyir bəyi öz gözlərimlə görürəm.
– 37-nin yayıydı. Avqust ayı idi. Yox, yox iyul ayı idi. Şuşada Zərgər Yemiş vardı (gülür). Bilirsən də Şuşada hərənin ləqəbi var axı. Gəlib atama dedi ki, Əsəd, evi heç kimə vermə, Üzeyir bəy bir azdan Şuşaya gələcək.
(Südabə xanım bu söhbəti mənə söyləyəndə 2007-ci ilin apreliydi. Bu yay həmin yayın tamamından 70 il keçəcək. Amma hər şeyi dəqiqliklə, aydınlığıyla xatırlamağa çalışırdı. 70 ildən sonra da Üzeyir bəyin Şuşaya avqustda yox, iyulda gəlməsi əhəmiyyətliydi onun üçün.)
Şuşada gözəl mülklər çox idi. Amma bizim mülkümüz çox baxarlı idi. Evimizin bir tərəfindən Cıdır düzü, bir tərəfindən isə Çaxmaq meşəsi aydın görünürdü. Zərgər Yemişin sözünə atam dedi: “Baş üstə!”
Həmin günün söhbətini xəfif təbəssümlə elə anır, sanki dünən eşitdiklərini söyləyir.
– Anam Üzeyir bəyə ayrılan otağa xalı-xalça döşədi, çarpayı qoydu. Bir neçə gün sonra Üzeyir bəy gəldi. O vaxta kimi adını eşitmişdik, üzünü görməmişdik. Uşaq idim də. Heç 11 yaşım da yox idi. Dəyirmi masasından çayı əskik olmurdu. Anam da doğasını, tənək dolmasını əskik etməzdi. Günün çoxunu işlərdi. Düşüb harasa gedəndə saçlarımızı sığallardı, əlində tutduğu qızılgül ləçəklərini burnumuza sıxardı. Üzeyir bəyi görmək bizə çox maraqlıydı. Amma bizə tapşırmışdılar ki, uzaqda oynayın, Üzeyir bəyə səs olmaz. Bir dəfə Üzeyir bəy düşüb harasa gedəndə biz hamımız evin qabağında oynayırdıq. Atam da yaxınlığımızda idi. Üzeyir bəy bizə baxıb atama dedi:
– Əsəd, uşaqlardan ver aparım Bakıya, oxusunlar.
Atam dedi:
– Üzeyir bəy, bunlardan oxuyan olmaz.
Bu günə kimi şirin Qarabağ ləhcəsini saxlaması bir yana, dediklərini Üzeyir bəyin səsiylə, ləhcəsiylə çatdırmağa çalışır.
– Atanız niyə belə dedi? Səsiniz yox idi, yoxsa oxutdurmaq istəmirdi?
– Nə bilim? Yəqin incəsənət adamı olmağımızı istəmirdi. Şuşalı olasan, səsin olmaya (xəfifcə gülümsəyir)?! Düz 19 gün qaldı bizdə. Şuşa yay aylarında ziyalı mərkəzinə dönərdi. Həmin günlərdə Üzeyir bəyə görə kimlər gəlmirdi bizə – Səməd Vurğun, Mehdixan Vəkilov, İsmayıl Eloğlu, Mirzə Xosrov Şuşalı… Bülbül pillələri quş kimi çıxırdı. Sonralar Bülbülü Opera teatrında at belində gördüm. Koroğlu ona çox yaraşırdı. Əsl Koroğluydu, boy-buxunuyla, səsinin əzəmətiylə… Həmin yay Zəhra bacım körpəydi. Yaman da ağlağandı. Bir dəfə dayanmadan ağlamağına Üzeyir bəy də gəldi.
– Ay Sona, bu uşaq niyə ağlayır, bəlkə acdır?
Uşaq, doğrudan da, ac imiş. Anam mannı bişirdi. Uşaq yeyib yatdı.
Üzeyir bəy Bakıya qayıdanda atama tapşırdı ki, Əsəd, evi heç kimə vermə. Baldızlarım gələcək. Onlar hədsiz arıqdırlar, görəndə qorxmayasınız.
(Bu məqamda Südabə xanım fikrini olduğu kimi çatdırmaq üçün yenə də Üzeyir bəyin səsiylə, Üzeyir bəyin avazıyla danışır).
Biz yeni qonaqlarımızı intizarla gözləyirdik. Nəhayət, gəldilər. Baldızları Fatma, Məryəm, baldızı uşaqları Nigar, Lalə, Reyhan, Pərviz … Boylu-buxunlu, ətli-canlı baldızlarını görəndə bildik ki, Üzeyir bəy zarafat edirmiş.
Və Üzeyir bəy baldızlarından anama ağlağan bacım üçün xeyli mannı da alıb göndərmişdi.
***
Dünyanı dərk edəndən may sevinclər ayı olub mənə. Biri May səbrsizliklə gözlədiyimiz ən sevimli bayram. Beşi Mətbuat günü qeyd olunardı. Yeddisi Radio günü və rəfiqəm Nazilənin doğum günü. Doqquzu Qələbə günüylə bərabər mənim doğum günüm.
İllər sonra may təzadlar ayına döndü mənimçün. İlk öncə mayın on dördü bu ayı ağrıya döndərdi mənə. Atam dünyadan köçdü. Daha sonra bir ağrılı tarix də yarandı mayda. Mayın səkkizində Şuşa satqınlığın süqutuna məruz qaldı. Biz Şuşasız qaldıq.
Yenə illər sonra mayın on üçündə mənə əziz olan “Söz” doğuldu.
Nə etməli, onsuz da “Dünyanın üzü toy, astarı yasdır” (N.Həsənzadə).
İndi may ayını belə yaşayıram:
Mayın 8-də gah için-için, gah hönkürtüylə ağlayıb ürəyimi boşaldıram.
Mayın 9-da üzüm gülür. Ömrümün bir ilinin də başa çatdığını düşünürəm.
Mayın 13-də Şəkər Aslanın mənəvi yadıgarı, min bir əziyyətlə işıq üzü görən “Söz”ün doğum gününü qeyd edib sevinirəm.
Mayın 14-də mənimçün əbədiyaşar olan atamın vida gününü yaşayıram.
Hərdən rəfiqələrim deyirlər: “Əvvəllər şuşalı olduğunu bu qədər deməzdin. İndi tez-tez deyirsən”.
Cavab verirəm: “İndi hamımız qarabağlı olmalıyıq!”
Bu yazını məhz bu gün – mayın 8-də yazmalıymışam. Televiziya kanallarının ürəkparçalayan verilişləri haldan-hala salır adamı. Kadrlarda əbədiləşmiş Şuşa mənzərələri. Xoşbəxt günlər yaşayan şuşalılar, xarıbülbül. Digər kadrlarda xan qızı Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş heykəllərinin səssiz fəryadı. Bülbülün “Sənsiz”i gileydir, şikayətdir, haraydır sanki. Bu məqamda Üzeyir bəyin “Koroğlu”su Şuşanın dağlarında, düzənlərində “at oynatdı”. Az qala milyon dəfə dinlədiyim üvertura daha əzəmətli, daha möhtəşəm səsləndi. Həmişə məğrur səslənən Üzeyir musiqisi qəlbimə sərinlik gətirdi.
Bu məqamlarda ümummilli liderimiz Heydər Əliyevin amiranə səsi:
“Bir qarış torpağımızı da düşmənə verən deyilik”.
Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin qaçqınlarla Ramanadakı görüşündən kadr:
“Hazırlaşın, evlərinizə gedəcəksiniz!”
Allah eşitsin! Amin!
Biz də Şuşada görüşənədək, Südabə xanım. İnşallah!
***
P.S. Təəssüf ki, Şuşa həsrətinin vaxtsız qocaldıb vaxtsız apardıqlarından biri də Südabə xanım oldu. Yəqin ki, 82 yaşlı qadın üçün bu qədər vaysınmağın çoxlarına qəribə gələcək. Bəlkə də, haqlıdırlar. Axı, çoxlarına nəsib olmayan uzun ömür yaşadı. Şübhəsiz, şirini də oldu, acısı da. Amma ömrün sonlarında elə bir acı yaşadı … və o ağrıyla getdi. Son görüşümüzdə «Şuşada görüşənədək» desə də, vədinə xilaf çıxdı.
Onun dünyadan köçməsi bir insanın vəfatı deyil mənim üçün. Gedişi ilə kimləri aparmadı yaddaşında?! Kimləri yaşatmırdı yaddaşında?! Ən başlıcası, saçlarında əllərinin sığalını yaşatdığı Üzeyir bəyi…
Ümidsiz deyilik. Şuşanın qayıdacağı günün şahidi olacağıq.
O zaman bütün nigaran ruhlar kimi Südabə xanımın da ruhu sakitlik tapacaq.