Bütün proseslər onu göstərir ki, Bidzina İvanaşvili Marqvelaşvilini tamamilə ölkədəki siyasi proseslərə müdaxilədən kənar qoymaq istəyir. İvanaşvilinin artıq prezidentin səlahiyyətlərini heçə endirməyə nail olduğunu deyə bilərik.
Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Gürcüstandakı dəyişikliyə münasibət bildirərkən deyib. O qeyd edib ki, əslində hazırda Gürcüstanı idarə edən boz kardinaldır:
“Ölkənin prezident üsul-idarəsindən parlamentli respublikaya keçməsinin bir səbəbi var. İndiki prezident Georgi Marqvelaşvili keçmiş baş nazir Bidzina İvanaşvili tərəfindən vəzifəyə gətirilsə də, hazırda onların arsında ciddi fikir ayrılığı var. Bu səbəbdən də İvanaşvili ölkənin siyasi sisteminin xarakterini dəyişir. O, parlamentdə prezident üsul-idarəsindən parlament üsul-idarəyə keçməyi təklif etdi və bunun qəbuluna nail oldu. Doğrudur, bir dəfə Gürcüstan Prezidenti Marqvelaşvili bununla bağlı parlamentdən keçmiş qanun layihəsinə veto qoydu. Amma o veto işləmədi, təkrar bu məsələni parlamentə gətirdilər. Parlamentar üsul-idarədə prezidentin əksər səlahiyyətləri baş nazirə keçir. Gürcüstanda baş nazir artıq dövləti əsas idarə edən şəxs olur. Hazırki baş nazir də Bidzina İvanaşvilinin çox yaxın adamıdır”.
Politoloq qeyd edib ki, İvanaşvili öz mövqeyini parlamentar respublikanın demokratiyanın təcəssümü olması ilə əlaqələndirir:
“Onun fikrincə, Gürcüstan qərbyönümlü siyasət yürüdürsə, Avropa Birliyinə daxil olmaq istəyirsə, baş nazirin və parlamentin səlahiyyətləri genişləndirilməlidir. Bu məsələləri həyata keçirməklə Bidzina İvanaşvili bir güllə ilə iki dovşan vurmağa çalışır. Həm Qərb qarşısındakı öhdəliklərini yerinə yetirir, həm də rəqiblərindən birini sıradan çıxarır. Qərb dövlətləri də Gürcüstanın prezident idarə üsulundan parlamentar idarəyə keçməsini dəstəkləyir. Gürcüstanda əhalinin bir hissəsi də hesab edir ki, bununla ölkədə demokratiya daha da inkişaf edəcək. Bu məsələnin necə həyata keçiriləcəyini isə zamanla görəcəyik”.
Qeyd edək ki, Gürcüstan parlamenti sentyabrda yeni konstitusiyanı qəbul edib. Yeni konstitusiyaya əsasən, ölkə parlamentli idarəetmə sisteminə keçir və prezidentin səlahiyyətləri böyük ölçüdə məhdudlaşdırılırdı. Bir müddət əvvəl isə Gürcüstan Prezidenti Georgi Marqvelaşvili yeni Gürcüstan konstitusiyasını təsdiq edib.