“Hamı bu şəraitə uyğun olaraq hərəkət etməli və qorunmalıdır” ÖZƏL-MÜNASİBƏT
Hal-hazırda baş alıb gedən bu virus dünyanı zəbt edibdir və ona görə də səhlənkarlıq etmək, saymazlıq etmək lazım deyil. Bu sözləri SİA-ya açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.
İctimai Birliyin sədri qeyd edib ki, hamı bu şəraitə uyğun olaraq hərəkət etməli, qorunmalı, mütləq qoruyuculardan, tibbi maskalardan, spirtlərdən istifadə olunmalı, sosial məsafə saxlanılmalıdır.
“İnsanların bir-birinə qınağı da olmalıdır. Əgər mən bu gün maskadayamsa, kimsə mənim yanımda niyə axı maskada olmamalıdır? Bəziləri deyirlər ki, boş şeydir. Əslində isə belə deyil. Bu gün əgər koronavirus bütün dünyanı cənginə alıbsa, biz də bir-birimizi qorumuruqsa, nəticə xoşagəlməz ola bilər. İnsanların xəstəliyə yoluxmasına, dünyasını dəyişməsinə biganə qalmaq lazım deyil. Son günlər ərzində neçə nəfər dünyasını dəyişdi və onlar kimlərinsə yaxın qohumları, dost-tanışları, yaxın ətrafıdır və biz bunun şahidiyik. Deməli, başa düşmək lazımdır ki, artıq bu reallıqdır. Ona görə də mütləq qadağalara, qaydalara riayət etmək lazımdır.
Kimsə evdən iş dalınca çıxırsa, aydın məsələdir və bu başadüşüləndir. Amma imkan daxilində evdən çıxmamaq vacibdir. Səbəbsiz olaraq evdən çıxmaq lazım deyil. Yəni, kiminsə kimisə yoluxdurma riski çox adı bir haldır. Simptomsuz olduğu zaman insanlar özlərində virusun olub-olmadığını hiss etməyə bilər, amma bir daşıyıcı kimi onu digərlərinə ötürə bilər. Ona görə də hər kəsdən xaiş olunur ki, özünü, ailə üzvlərini, uşaq, cavan, yaşlı insanları, vətəndaşlarımızı qorusun.
Sosial məsafəni qorumaq lazımdır. Bizim təbliğatımız da bununla bağlıdır. Biz insanlarla da görüşlərdə hər zaman deyirik ki, diqqətli olsunlar. Xatırladırıq ki, bu gün avtobuslar işləmirsə, deməli, insanların bir-biri ilə təmasda az olmaları gərəkir.
Sosial məsafəni qorumaq da ön planda olmalıdır. Dükanlarda, böyük ticarət mərkəzlərində də aydın, açıq-aşkar şəkildə də görünür ki, bu məsafənin qorunması tələb olunur və bu məsafəni qorumaq vacibdir. Harda olmasından asılı olaraq insanlar özlərini, ailələrini, dostlarını, qohumlarını, ən azından, yaxın ətrafını, ölkə vətəndaşlarını fikirləşməlidirlər. Əks təqdirdə bu problemlə hər birimiz qarşılaşa bilərik.
Bəzi insanlarda inamsızlıq, saymazlıq var. Biz elə maarifləndirmə ilə bağlı da bir təşkilat olaraq məşğuluq. İnsanları çağırırıq ki, bir-birilərinə qarşı diqqətli olsunlar. Qonşularına, qohumlarına, yaxınlarına insanlar diqqətli olsunlar. Təmasda olunacaq insanlara diqqətli olmaq lazımdır. Hamını bu şərtlərə əməl etməyə, lazımsız, səbəbsiz yerə evdən çıxmamağa çağırırıq. Başa düşürük ki, ailəyə ərzaq lazımdır və bunun üçün evdən çıxmaq tələb olunur. Amma bu zaman belə mütləq tibbi maskadan istifadə edilməlidir. Bu ilk növbədə elə insanların öz sağlamlığı üçündür. Biz bu xəstəliyə birlikdə mübarizə aparmaqla, diqqətli olmaqla qalib gələ bilərik. Hər kəsə sağlamlıq arzu edirəm”, deyə Mehriban Abdullayeva bildirib.