Türkiyədə minlərlə insanın ölümü və yaralanması ilə nəticələnən zəlzələ ağır mənzərələr yaradıb. Dağıntılar altından sağ çıxarılan insanların görüntüləri sevinc doğursa da, yüzlələ insanın xilas olunacağı anı gözləməsi, uçqundan boylanan çarəsiz baxışlar insanın ürəyini parçalayır.
Artıq zəlzələnin 6-cı günüdür. Son məlumatlara görə, zəlzələ nəticəsində həlak olanların sayı 20 318 nəfərə çatıb, 91 511 nəfər isə yaralanıb. Hazırda minlərlə insanın hələ də dağıntılar altında qaldığı güman edilir. Saatlar ötdükcə, ümidlər də azalır. Şaxtalı havada günlərlə uçqun altında ac-susuz qalan insanların sağ qalması möcüzə kimi görünür.
İndi hər kəsi bu sualın cavabı düşündürür: zəlzələnin dağıntıları altında neçə gün sağ qalmaq olar?
Bu vəziyyət bir neçə amillə bağlıdır. Qəza zamanı dağıntının miqyası, hava şəraiti, şəxsin fiziki və psixoloji durumu onun sağ qalmasında böyük rol oynayır. İnsanların əksəriyyəti fəlakətdən sonra 24 saatın əsas olduğunu bildirsə də, dünya təcrübəsində uzun müddət sonra xilas edilənlər az olmayıb.
Zəlzələnin nə vaxt baş verəcəyini və ya binanın hansı şəraitdə uçacağını dəqiq bilmək mümkün deyil, lakin təbii fəlakətlər zamanı sağ qalmaq üçün çox vacib olan bir sıra amillər var.
Bununla bağlı araşdırma aparılıb.
Hava və su
Uçmuş binanın altında qalarkən sağ qalmaq üçün hava və suya çıxış vacibdir. Ancaq bu, insanın aldığı zədənin dərəcəsindən asılıdır. Qanaxmanın olması sağ qalma şansını azaldır. Ekspertlər bildirirlər ki, zəlzələ qurbanı dağıntılar altında çox ciddi xəsarət almayıbsa, oksigen qəbul edə bilirsə, növbəti addım suya çıxışdır. Su və oksigen yaşamaq üçün vacib amildir.
Hər bir yetkin insan gündə sidik, tənəffüs, su buxarı və tərləmə yolu ilə 1,2 litr su itirir. İnsan 8 litrdən çox su itirdikdə ağır xəstələnir. Bəzi hesablamalara görə, insan su olmadan dağıntı altında üç-yeddi gün yaşaya bilər.
Xəsarət alma
Bir insanın kəllə-beyin travması və ya digər ciddi zədəsi varsa, fəlakətdən bir gün sonra sağ qalma şansı çox zəifləyir. Zədə səviyyəsini qiymətləndirə bilmək vacibdir. Onurğa, baş və ya döş qəfəsindən xəsarət alanlar müalicə müəssisələrinə aparılmayana qədər sağ qala bilməzlər. Belə şəxslərin dağıntı altında sağ qalmasına nadir hallarda rast gəlinir. Bundan əlavə, qan itkisi, orqanların zədələnməsi də ölüm ehtimalını artırır.
İqlim və hava şəraiti
İqlim həm də qurbanların nə qədər yaşaya biləcəyi ilə müəyyən edilir. Yetkin insan bədən istiliyini saxlamaq qabiliyyətini itirmədən yalnız 21 dərəcə selsiyə tab gətirə bilər. Araşdırmalara görə, insan bədəni soyuqda daha çox çətinliklərə dözə bilər. Yay aylarında insanın qapalı qaldığı yer çox isti olarsa, bədən sürətlə su itirir. Bu da sağ qalma şansını azaldır.
Psixoloji vəziyyət
Mütəxəssislərin fikrincə, təbii fəlakətlər zamanı vacib olan digər amil psixoloji güc və nəzarətdir. Psixoloji sabitliyi qorumaq və sağ qalmağa diqqət yetirmək çox vacibdir. Qorxu təbii reaksiyadır, amma təşvişə düşmək vəziyyəti çətinləşdirir. Sağ qalmaq üçün psixoloji cəhətdən güclü olmaq mütləqdir. Hisləri idarə etmək həm də enerjiyə qənaət etmək deməkdir.
Ümid verən nümunələr
1995 -ci ildə Cənubi Koreyada baş vermiş zəlzələdən 10 gün sonra dağıntılar altından bir nəfər sağ çıxarılıb. İnanılmaz olsa da, onun yağış suyu içərək və karton qutu yeməklə sağ qaldığı bildirilib. Həmin şəxs mətbuata açıqlamasında zehnini aktiv saxlamaq üçün oyuncaqla oynadığını deyib.
2013-cü ilin may ayında Banqladeşdə tikiş fabriki çöküb. Hadisə nəticəsində mindən çox insan ölüb. Heç kimin gözləmədiyi anda - fabrikin dağılmasından 17 gün sonra uçqun altından bir qadın işçi sağ çıxarılıb. Reşma adlı qadın jurnalistlərə bildirib ki, "dağıntılar altından sağ çıxacağını təssəvvür edə bilməzdi".
2010-cu ilin yanvarında Haitidə 220.000-dən çox insanın ölümü ilə nəticələnən zəlzələdən 12 gün sonra mağazanın dağıntıları altından bir nəfər sağ qurtarılıb.
2005-ci ilin oktyabrında Kəşmirin Pakistan hissəsində baş verən zəlzələ zamanı 40 yaşlı Naksa Bibi adlı qadın uçqun altında qalıb. O, düz 27 gün sonra dağıntılar altından sağ çıxarılıb.
Göründüyü kimi, dünyada zəlzələ və digər təbii fəlakətlər səbəbindən günlərlə dağıntı altında qalan insanların sağ qalması ilə bağlı xeyli nümunələrə rast gəlmək olar.