"Güllələnməyə hazıram": 6 tələbənin həyatına son qoyan sürücü - VİDEO

"Uşaqların valideynindən icazə alıb onların qəbrini ziyarət edərdim"
RB TV-nin "Rezonans" verilişində bu dəfə 6 tələbənin ölümünə səbəbkar olan Namiq Hüseynovun həbsxana hekayələri təqdim olunub. Namiq Hüseynov (cəzası 10 il): "Atam rəhmətə gedəndən sonra ailəyə kömək üçün işləməyə başlamışam. Bakı-Sumqayıt istiqaməti üzrə işləyirdim. 2008-ci ildən Sumqayıt Dövlət Universitetinin tələbələrini aparırdım. Yavaş-yavaş sərnişinlərimiz çoxaldı, işlərimiz yaxşılaşdı və tələbələrlə münasibətimiz yaxşılaşdı. Mən etiraf edirəm ki, artıq sərnişin daşımışam. Onlar da əsasən səhər saatların və axşamlar olurdu. Yalan danışmıram, çünki həmin uşaqları aparmaya bilməzdim. Onlarla ailə kimi idik. Hətta mahnı da qoşub "biz mehriban ailəyik" deyib oxuyurdular. Bir uşağı maşından düşürtmək üçün gərək qəlbini qırasan. Ayın 7-si uşaqları universitetə qoyandan sonra gördüm ki, halım yoxdur. Tərpənə bilmirdim. Ayılanda gördüm ki, xəstəxanadayam. Uşaqlar özləri həkimə apardılar, ordan da evə apardılar. Hamısı evimi tanıyırdılar. 2 gün sonra işə çıxdım. Hadisə günü yanımdan bir maşın ötdü.

Ona yol verdim keçdi, bir az əsəbləşdim. Yenə özümdə olmadım, keyləşdim. Gördüm ki, "Kamaz"a giririk. Sükanı çevirdim, amma artıq gec idi. O da xarab olub dayanmışdı yolun kənarında. Qəza nəticəsində İbrahim yerə düşüb. Onlardan xəbərim olmamışdı.

Özümü itirməyib tələbələrə kömək edib düşürdüm. Pəncərələri sındırdım uşaqları çıxartdım. Bir neçə tələbə də mənə kömək edirdi.



Rozanı, Çinarəni götürüb qucağıma düşürdəndə sağ idilər. Sonra polis gəldi, onlarla maşına tərəf gedəndə İbrahimgili gördüm ki, ölüblər. Dizi üstə çöküb qaldım. Onlarla bir ailə kimi idik. Birlikdə gəzməyə, istirahətə gedirdik. Məhkəmədə hakimə də dedim ki, mən güllələnməyə hazıram. Əgər imkan olsa, buradan çıxsam, uşaqların valideynindən icazə alıb onların qəbrini ziyarət edərdim".