SN: Qızılcanın yoluxuculuq indeksi 95 faizdir, ən effektiv qorunma yolu peyvənddir


Son zamanlar qızılca infeksiyası ilə tez-tez rastlaşırıq. Bu, yüksək yoluxucu infeksiyadır. Kəskin respirator infeksiyalara oxşar başlayır.
AzBaku.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirib.
Onun sözlərinə görə, xəstəliyin kliniki gedişatında 3 dövr var – birinci, kataral, ikinci, səpkilər, üçüncü, piqmentasiya dövrü: “Kataral dövr adətən 4-5 gün davam edir. Boğaz ağrısı, öskürək, halsızlıq, üşümə-titrəmə olur. Sonra səpki dövrünə keçir, üz və boyundan səpkilər başlayır, bədənə, sonra qollara və ayaqlara yayılır, ayaqlara keçir. Bu zaman 39-41 dərəcə qızdırma olur. Çalışmalıyıq ki, qızdırmanı 38-38,5-dən aşağı endirməyək. Çünki qızdırma hansısa infeksiya ilə mübarizə nəticəsində yaranır. Qızdırmalı uşağı qalın geyindirmək də məsləhət deyil, əksinə nazik geyimdə olmalıdır. Səpki dövrü də 4-5 gün davam edir. Sonra piqmentasiya dövründə qırmızı rəngli səpkilər qəhvəyi rəngə çevrilir və qabıqlanıb yoxa çıxır. Piqmentasiya dövrü yoluxucu hesab olunmur. Qızılcanın yoluxuculuq indeksi 95 faizdir. Ən effektiv qorunma yolu peyvənddir. 2014-cü ildən Səhiyyə Nazirliyi tərəfindən qızılcaya qarşı peyvəndlər gətirilir. Bütün peyvəndlər ÜST tərəfindən təsdiqlənmiş effektivlik və təhlükəsizliyə cavab verir. Qızılca xəstəsi ilə kontakt varsa, 72 saat ərzində peyvənd vurulması məsləhət görülür”.
Həkim eyni zamanda, deyib ki, kəskin respirator xəstəliklərin 30-50 faizini renaviruslar təşkil edir.
Onun sözlərinə görə, tez-tez asqırma, boğaz ağrıları, gözlərin sulanması, ümumi halsızlıqla müşayiət olunur. Xəstəlik 10, bəzən 14 gün davam edir:
“Kəskin respirator xəstəliklər daha çox payız və qış aylarında görünür. Əsas səbəb odur ki, isti havalarda günəş şüaları bu virusa öldürücü təsir edir, hava soyuyanda isə yayılır. Soyuq havalarda insanlar qapalı məkanlarda daha çox bir araya gəlirlər, eyni zamanda, soyuqda immun sistemi də zəifləyir. Bütün bunlar da kəskin respirator infeksiyaların bu aylarda daha çox rast gəlinməsinə səbəb olur”.
Həkim deyib ki, kəskin respirator xəstəliklərin 25 faizini isə qrip təşkil edir:
“Adətən bu infeksiya 1 həftə davam edir. Uzun müddət davam edəndə həkimə müraciət etmək lazımdır. Çünki uzun davam edəndə infeksiya xəstəliyinə bakterial xəstəlik də əlavə olunur”.