"Azəriqaz" bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq


SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

"Azəriqaz"dan "Azbaku.org"yə verilən məlumata görə, abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər.

Qeyd olunur ki, bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) əməkdaşları 31.12.2023 - 06.01.2024-cü il tarixlərində saat 10:00-dan 14:00-dək BRQSD-nin inzibati binası və Xəzər xidmət sahəsində xidmət göstərəcəklər. Həmçinin 03.01.2024 - 04.01.2024-cü il tarixlərində saat 10:00-dan 16:00-dək Sabunçu, 31.12.2023 - 05.01.2024-cü il tarixlərində saat 10:00-dan 14:00-dək Qaradağ xidmət sahələrində əsasən itirilmiş və ya zədələnmiş smart kartların bərpası, qüsurlu ödənişlərin bərpası, koda düşmüş kartların bərpası, bir sözlə abonentin qazsız qalmaması üçün ən zəruri əməlliyyatların icrası təmin ediləcək.
Bundan başqa “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsinin, 104/185 Çağrı Mərkəzinin əməkdaşları da sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə qaz təchizatı ilə bağlı baş verəcək qəzalar, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq. Qeyd edək ki, bölgələrdə də eynilə növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaq.