Növbəti ildən tətbiq olunacaq yenilik metro qatarlarındakı nasazlığı azaldacaq


Qatarların təmirinin avtomalaşdırılması sistemi ilə bağlı görülən işlər son mərhələdədir. Bu yenilik 2024-cü ildə tətbiq olunacaq.

Azbaku.org xəbər verir ki, bunu “APA”ya açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu yeniliklə qatarlardakı bütün texniki məsələlər avtomatik qaydada nəzarətə alınacaq: “Bununla da qatarların avtomatik olaraq real rejimdə qət etdiyi məsafə ölçüləcək. Çünki qatarların təmiri, baxışı, bir sözlə hər bir nüansın qət olunan kilometrlərə bağlılığı olduğu üçün bu sistemin avtomatlaşdırılması nəzarət mexanizmini daha da gücləndirməyə imkan verəcək. Bu sistemin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, qatar depoya daxil olarkən maşinist əlavə baxışın keçirilməsi, qatarın hər hansı parametrləri üzrə nöqsan və qüsurlarla bağlı hər şeyi avtomatik qaydada xüsusi proqramla qeyd edəcək. Bu məlumatlar dərhal depoda təmir briqadasına daxil olacaq”.

“Briqada məlumatı aldıqdan sonra işlərini icra edəcək. Bu yenilik qatarlardakı nasazlığı azaladacaq. Bir sözlə bu yeniliklə qatarlara texniki baxış qısa müddətdə reallaşacaq”, - deyə metropoliten rəsmisi əlavə edib.