Rafael Hüseynov: Azərbaycan klassiklərinin tanıdılmasında akademik Həmid Araslının böyük xidmətləri olub


Hər xalqın iftixar etdiyi böyük şəxsiyyətlər var. Azərbaycan xalqı Nizami, Xaqani, Nəsimi, Füzuli ilə fəxr edir. Sıra-sıra böyük yaradıcılarımız var ki, onlarsız Azərbaycan ədəbiyyatı kasıb olardı, xalqımız mənəviyyatca zəngin olmazdı. O böyük şəxsiyyətlərin bu gün xalqımıza yaxın olmasının əsas səbəbkarlarından biri də unudulmaz böyük alimimiz Həmid Araslıdır.
Bu fikirləri jurnalistlərə açıqlamasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov “Elmimizdə və qəlbimizdə yaşayan Həmid Araslı” adlı elmi sessiya çərçivəsində deyib.
“Həmid Araslı həm də Azərbaycan ədəbiyyatşünaslığına gənc tədqiqatçı kimi Sovet İttifaqının fırtınalı çağlarında gəlib. O çağlar idi ki, 30-cu illərin ortalarında siyasi repressiya başlamışdı. Nə qədər ədiblərimiz, ədəbiyyatşünaslarımız, elm adamlarımız repressiyanın qurbanları olub.
Həmid Araslı o çətin dövrdə mübarizəni davam etdirirdi. Məhz mübarizə aparırdı. Çünki o olmasaydı, qələmə almasaydı, bu gün “Kitabi-Dədə-Qorqud” bizim masalarımızın üstündə olmazdı. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının ana kitabı hesab olunur. Bu dastanın masaüstü kitab olması üçün Həmid Araslı çox çətinliklərdən keçib; onu cəzalandırıblar da, o, dövrün ən ağır cəzalarının bir addımlığında olub. Ancaq bütün bunlara baxmayaraq Həmid Araslı mübarizəni davam etdirib. Azərbaycan ədəbiyyatının qədim kökləri ilə bağlı qiymətli araşdırmalar aparıb, böyük məktəb yaradıb. Ona görə də onun adı həmişə Azərbaycan xalqının qəlbində yaşayacaq. Nə qədər ki, klassiklərimiz var, klassiklərimizi oxuyuruq, zövq alırıq, düşünürük, duyğulanırıq, bunların arxasında həmişə Həmid Araslının mehriban surəti görünəcək”, - deyə akademik Rafael Hüseynov əlavə edib.