Şəki xanlığının nadir sikkələri təqdim olunub
Azərbaycan Milli İncəsənət Muzeyində numizmat Rüstəm Hüseynov Şəki xanlığının nadir sikkələrinə həsr olunmuş mühazirə ilə çıxış edib.
Rüstəm Hüseynov Şəki xanlığının sikkələrinin nominalları və növləri, onların zərb olunması tarixindən ətraflı bəhs edib. O, xanlığın birinci sikkələrinin meydana çıxması, üzərində Rusiya imperiyasının taxt-tacı olan bu pul nişanları haqqında geniş məlumat verib. Numizmat, həmçinin Şəki xanlığının ləğvindən sonra həmin sikkələrin tədavülündən danışıb.
Mühazirədə böyük tarixi dəyəri olan müxtəlif konfessiyaların nadir numizmatika nümunələri, o cümlədən unikal ağır gümüş abbasi təqdim olunub. Onlardan bəziləri ilk dəfə geniş ictimaiyyətin qarşısında nümayiş etdirilib.
Unikal eksponatlardan başqa, müxtəlif sikkə növlərinin nominal və real dəyəri arasındakı fərq, bu fərqə əsaslanan fərziyyələr və bununla bağlı demək olar ki, detektiv hekayələr iştirakçıların xüsusi marağına səbəb olub.
Mühazirənin gedişində iştirakçıları maraqlandıran çoxsaylı suallar – xanlıqların sikkələrinin zərbi ilə bağlı ictimaiyyətə az məlum olan detallar və bununla bağlı siyasi, iqtisadi aspektlər ətrafında diskussiya aparılıb.
Müasir Azərbaycanın şimal-qərbində XVIII əsrin ortaları - XIX əsrin əvvəllərində mövcud olmuş Şəki xanlığının sikkələri mühüm tarixi əhəmiyyətinə baxmayaraq, zəif tədqiq edilib və geniş şəkildə öyrənilməyib. Öz sikkəsini zərb etmək hər hansı bir dövlətin ən mühüm hakimiyyət rəmzlərindən biridir, habelə güc və suverenlik atributudur.
Şəki xanlığının sikkələri, xüsusən də onların keçid növləri Azərbaycan tarixinin mühüm detalları haqqında daha geniş məlumat verə, XVIII əsrin sonu – XIX əsrin əvvəllərinin təkcə siyasi deyil, həm də iqtisadi tarixinin səhifələrinə işıq sala bilər. Bəzi növlər və nominallar son dərəcə məhdud sayda məlumdur.