Azərbaycan Milli İncəsənət Muzeyində sərgi - “Salam, Novruz!"
Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində doğma yurdumuza baharın gəlişinə həsr olunmuş “Salam, Novruz!” adlı sərgi açılıb.
Maraqlı konsepsiyaya malik sərgi məkanı Su, Od, Yel, Torpaq çərşənbələrinə, eləcə də astronomik yeni ilin başlandığı Novruz bayramına həsr olunmuş beş tematik zala bölünüb.
Sərginin girişində tamaşaçıları interaktiv niyyət ağacı qarşılayıb. Onlar öz arzu və diləklərini yazaraq buradan asmaqla sonda onu yaşıl yarpaqlı ağaca çevirərək ekspozisiyanın tərtibatına öz töhfələrini veriblər.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sərginin kuratoru Şirin Məlikova bildirib ki, bahar bayramının ilk müjdəçisi olan Su çərşənbəsi günündə gerçəkləşən və muzeyin kolleksiyasından seçilmiş dekorativ-tətbiqi və təsviri sənət əsərlərini əhatə edən 80-ə yaxın eksponat əsasında təqdim olunan sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə olub.
Digər çıxış edənlər tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Salhab Məmmədov Novruz bayramının və çərşənbələrin mahiyyəti, tarixi kökləri, bayramla bağlı adət-ənənələr haqqında məlumat veriblər.
Bildirilib ki, yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan Novruz bayramı təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Qeyd edilib ki, Novruz çərşənbələri insanların təbiətlə və bir-biriləri ilə bağlarını gücləndirir.
Bayram ab-havası ilə keçən sərgidə “Nənə-qızlar” folklor ansamblının ifaları və rəngarəng rəqsləri qonaqların əhvali-ruhiyyəsini yüksəltməklə yanaşı, xoş atmosfer yaradıb.
Qonaqlar “Salam, Novruz!” sərgisində tematik zallara daxil olmadan əvvəl Ə.Əzimzadə, S.Bəhlulzadə, E.Şahtaxtinskaya və başqa görkəmli Azərbaycan rəssamlarının bu qədim bahar bayramını əks etdirən rəngkarlıq və qrafika əsərləri ilə tanış olublar.
Ümumilikdə, bayramın al-əlvan koloritinə malik, Novruzun bütün atribut və simvollarını əhatə edən beş tematik zal tamaşaçını sanki zaman və məkan çərçivəsində səyahət etdirib.
Su çərşənbəsi zalında üzərində semantik mənası su ilə bağlı olan həndəsi ornamentlərin əksini tapdığı Tunc dövrünə aid keramik qablar, forma gözəlliyi və nəfis naxışları ilə seçilən dolça və səhənglər, aftafa-ləyən, su qabı, çilcam (qırxaçar) kimi XIX əsrin bədii metal nümunələri nümayiş etdirilir.
Od çərşənbəsi ilə bağlı yaradılmış növbəti zalda əcdadlarımızın Oda, Günəşə etiqadla bağlı ideoloji görüşlərini əks etdirən qədim keramika nümunəsi, gözəl rəng həllinə malik, günəş rəmzini ifadə edən ornament və təsvirlərlə işlənilmiş XIX əsrə aid müxtəlif texnikalı zərif bədii tikmələr, dəbilqə, qalxan kimi bədii silah nümunələri və digər unikal sənət nümunələri tamaşaçıya təqdim olunur.
Yel çərşənbəsi zalında isə hava ünsürü ilə əlaqəli dekorativ sənət nümunələrindən zərif kəlağayı, incə yelpiklər, nəfəs aləti-ney nümayiş etdirilir. Zala dinamiklik, bu çərşənbəyə xas ab-hava gətirilməsi üçün interaktiv üsullardan istifadə edilib.
Tematikanı davam etdirən Torpaq çərşənbəsi zalı torpağı, bərəkəti, məhsuldarlığı ifadə edən ornamentlərin əksini tapdığı xalça, bədii tikmə nümunələri və digər xalq sənəti növləri ilə yanaşı, bu ilaxır çərşənbədə həyata keçirilən xalq inancları ilə bağlı təqdim edilən eksponatlarla tərtib olunub.
Beşinci zal astronomik yeni ilin, gecə ilə gündüzün bərabərləşməsini, qışın sona çatmasını, yaz fəslinin gəlişini əks etdirir. Bayram ab-havasının yaradıldığı bu zalda tamaşaçıya Novruzun əsas atributları ilə bəzədilmiş rəngarəng “interaktiv xonça” təqdim edilir.
Sərginin ekspozisiyasında, həmçinin foto və videoproyeksiya vasitəsilə Novruz ünsürləri görüntü və səs effektləri ilə canlandırılır, yaz mərasim nəğmələri folklor qruplarının ifasında səsləndirilir.
Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir.