“Kitabi-Dədə Qorqud” eposu Heydər Əliyevdən - İlham Əliyevə” kitabı nəşr edilib


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud” eposu Heydər Əliyevdən-İlham Əliyevə” kitabı nəşr edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunan nəşr Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap edilib.
Bu barədə  institutdan bildirilib. “Kitabi-Dədə Qorqud” eposu haqqında söz” adlı bölümlə başlanan kitabın sonrakı fəsillərində “Kitabi-Dədə Qorqud”un Heydər Əliyevə qədərki əzablı yolunun xronikası”, “Kitabi-Dədə Qorqud” eposu Heydər Əliyev epoxasında” və “Kitabi-Dədə Qorqud”un taleyində İlham Əliyev mərhələsi, yaxud Azərbaycan Oğuznaməsinin əbədiyyəti” araşdırılır. “Dədə Qorqud təntənələri. Fotosalnamə” bölümündə isə çoxsaylı maraqlı şəkillər yer alıb.
Nəşrdə “Kitabi-Dədə Qorqud” eposuna sovet hakimiyyəti illərində qoyulan qadağa fonunda müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin dastanın dünyaya və Azərbaycan xalqına yenidən tanıdılması, tədqiqi və nəşrində yeni tarixi mərhələnin yaradılması sahəsindəki xidmətləri geniş təhlil edilərək qiymətləndirilir. Kitabda Prezident İlham Əliyevin də “Kitabi-Dədə Qorqud”un və eposun qəhrəmanlarının adlarının əbədiləşdirilməsi və dastanın dünya miqyasında təbliği istiqamətindəki çoxcəhətli fəaliyyətlərindən bəhs olunur.
“Elm” nəşriyyatında işıq üzü görən monoqrafiyanın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlıdır.