Yasamalda 3 min 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb



Paytaxt ərazisində yerləşən rabitə quyularının birindən 3 min 200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıb. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxlanılanların qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.