Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycan Günü və Novruz bayramı qeyd edilib


Mənzil-qərargahı Londonda yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) Azərbaycan Günü və Novruz bayramı qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən EBRD-nin prezidenti Odil Reno-Basso, bank ilə Azərbaycan arasındakı uğurlu münasibətlərdən, həyata keçirilən layihələrdən, regionumuzun inkişafına verilən töhfələrdən danışıb. Tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edən Odil Reno-Basso əməkdaşlıq perspektivlərinə müsbət baxdığını vurğulayıb və COP29 tədbirinin uğurlu keçirilməsi üçün Azərbaycan tərəfi ilə yaxın əməkdaşlığın vacibliyini bildirib.
Daha sonra çıxış edən Qafqaz üzrə Regional Direktor Alkis Drakinos genişmiqyaslı nəqliyyat və infrastruktur layihələrin müvəffəqiyyətlə aparılmasına toxunub.
Öz növbəsində ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov Azərbaycanda Bank ilə əməkdaşlığa verilən əhəmiyyətdən, mühüm birgə layihələrin həyata keçirilməsindən söhbət açıb. Səfir COP29-un bütün region üçün önəmini vurğulayıb, bu baxımdan davamlı inkişaf, bərpaolunan enerjiyə keçid və iqtisadi inkişaf məsələlərinin aktuallığını, Azərbaycan ərazisindən keçən və nəzərdə tutulmuş dəhlizlərin, o cümlədən Orta Dəhlizin dünya və region üçün vacibliyini diqqətə çatdırıb. Daha sonra səfir Novruz bayramı, onun tarixi və ənənələri barədə bəhs edib, yenilik rəmzi sayılan Novruzun regionda və dünyada yeni dövrün başlanğıcı olacağına dair əminliyini bildirib.
Daha sonra tanınmış skripkaçı Ceyla Seyidovanın ifasında Azərbaycan və beynəlxalq klassik musiqi inciləri təqdim edilib.