Azərbaycanda alma bağlarının sığortası dövrü başlayıb


Saxlanma və yetişdirilmə şərtlərinə görə sərfəli meyvə hesab olunan almaya tələbat ilboyu azalmır. Vitaminlə zənginliyi, quru və təzə halda, həmçinin şirə şəklində istifadə imkanı bu meyvənin son 20 ildə bütün dünyada istehsalının 67% artmasına səbəb olub. Almanın dünyada 20 mindən çox növü yetişdirilir, bunlardan 300-ə yaxını Azərbaycanda becərilir. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 27,7 min hektar alma bağı var, bunun da 11,7 min hektarını intensiv və superintensiv bağlar təşkil edir.  
 
Alma Azərbaycanın bütün bölgələrində əkilsə də meyvəçilik regionu kimi məşhur olan Quba-Xaçmaz iqtisadi rayonu alma istehsalında liderdir. Belə ki, Azərbaycanda alma bağlarının 19 min hektarı, yəni təqribən 70%-i bu bölgənin payına düşür. Ölkədəki intensiv və superintensiv alma bağlarının isə 96%-i məhz Quba-Xaçmaz bölgəsindədir. Təkcə Quba rayonunda 11,6 min hektar, Qusarda 4,3 min hektar, Xaçmaz rayonunda isə 2,6 min hektar alma bağı var. Bundan əlavə, Gədəbəy, Şabran, İsmayıllı, Şərur, Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki də alma yetişdirilməsinə görə seçilən rayonlardandır. 
 
Alma Azərbaycandan ən çox ixrac olunan, ölkəyə böyük həcmdə gəlir gətirən meyvələrdəndir və bu məbləğ ildən-ilə artmaqdadır. Belə ki, 2021-ci ildə Azəraycandan xaricə ümumi dəyəri 37,4 milyon dollar olan 66,8 min ton alma ixrac edilib. 2022-ci ildə ixracın həcmi 82,3 min ton, ümumi dəyəri 52 milyon dollar təşkil edib.  2023-cü ildə isə xaricə 91,2 min ton alma ixrac edilib, ümumi gəlir 57,2 milyon dollar olub. 
 
Gəlirli sahə olduğundan alma bağlarına maraq artmaqdadır. Alma ağacları üçün əsas risklər - dolu, fırtına, qasırğa, şaxtavurma, müxtəlif növ zərərvericilər və bitki xəstəlikləridir. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi vasitəsilə 41 bitkini, o cümlədən alma bağlarını çoxsaylı risklərdən sığortalamaq mümkündür. Sərfəli şərtlərlə fermerlərə təklif olunan sığorta zərflərində alma məhsulunu təbiət hadisələri, sel-subasma, dolu, qasırğa-fırtına, normadan artıq qar yağıntıları, yanğın, 3-cü şəxslərin hərəkəti və sair risklərdən sığortalamaq nəzərdə tutulub. Bundan başqa, əlavə olaraq alma bağlarını dolu, keyfiyyət itkisi, şaxtavurma, müxtəlif bitki zərərvericiləri və xəstəliklərdən qorumaq mümkündür. 
 
Aqrar sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə alma bağlarını sığortalaya bilərlər. Məsələn, Quba-Xaçmaz regionunda 1000 manatlıq alma məhsulunu baza sığorta zərfi ilə sığortalamaq fermerə cəmi 18,4 manata başa gəlir. Meyvə bağlarının geniş yayıldığı Mərkəzi Aran regionunda (Göyçay, Ağdaş, Kürdəmir və sair) bu rəqəm 16,5 manat, Dağlıq Şirvan regionunda isə (İsmayıllı, Şamaxı və sair) 22 manat təşkil edir. 
 
Hazırda alma bağlarının sığorta mövsümüdür, sığorta prosesi mart-aprel aylarında həyata keçirilir. Çiçəklənmə dövründə baş verən risklər, müxtəlif təbiət hadisələri meyvənin keyfiyyətinə, məhsulun miqdarına təsir etdiyindən fermerlərin bu müddət ərzində aqrar sığorta imkanından istifadə etməsi tövsiyə olunur. 
 
Qeyd edək ki, dövlətin güzəştli şərtlərlə təklif etdiyi aqrar sığorta mexanizmindən hər il yüzlərlə fermer faydalanır. Təkcə 2023-cü ildə təsərrüfatlara dəyən zərərlərə görə, fermerlərə 4,4 milyon manat sığorta ödənişi edilib, bu məbləğ hər gün artmaqdadır. Alma bağlarının sığorta şərtləri və sığorta haqları barədə daha geniş məlumatı Aqrar Sığorta Fondunun 1651 çağrı mərkəzinə müraciət etməklə, eləcə də Fondun www.asf.gov.az rəsmi internet səhifəsi və səhifədəki “Sığorta kalkulyatoru” vasitəsilə əldə etmək olar.