Ölkəmizdə qızılca təhlükəsi sovuşur?


Azərbaycanda ötən ilin sonlarından başlayaraq qızılcaya kütləvi yoluxma halları müşahidə edilir. 2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir. 
 
Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən, qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda 2022-ci ildə qızılcaya yoluxma sadəcə 1 nəfərdə qeydə alınıbsa, 2023-cü ilin yanvar-noyabr ayları arasında bu say 1493-ə çatıb.
 
Qızılcaya yoluxan 10-dan artıq uşaq vəfat edib. İctimaiyyət arasında qızılca ilə bağlı narahatlıq yaranıb.
 
Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə hazırda respublika ərazisində istər uşaqlar, istərsə də böyüklər arasında qızılca xəstəliyinin lokal qeydə alınması müşahidə edilir.
 
"Ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında müalicə-profilaktika müəssisələri tərəfindən peyvənd işləri davam etdirilir”, - açıqlamada deyilir.
 
Nazirliyi mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov APA-ya bildirib ki, qızılca ilə müvafiq səhiyyə qurumları aktiv mübarizə aparırlar:

"Əksepidemik tədbirlər aktiv həyata keçirilir. Qızılcaya həssas şəxslər 1-40-yaşadək aşkarlanaraq öz müraciətləri əsasında peyvənd olunurlar. Hazırda epidemioloji durumun sabitləşməsi, bəzi bölgələrdə yoluxma hallarının sayının azalmasını müşahidə edirik. Lakin ölkənin iri şəhərlərində xəstələnmə halları lokal olaraq hələ də müşahidə edilir. Ümumiyyətlə, növbəti aylarda vəziyyətin normallaşması proqnozlaşdırılır".